İranda Pakistanın Tehran-Vaşinqton xəttində vasitəçi rolu ilə bağlı yeni tənqidi mövqe səslənib. “İran International”-ın yaydığı məlumata görə, “Şəhidlər Fondu”-nun keçmiş rəhbəri və keçmiş prezidentliyə namizəd Əmir Hüseyn Qazizadə Haşimi bildirib ki, Pakistan Səudiyyə Ərəbistanından maliyyə asılılığı və təhlükəsizlik aparatı ilə ordusunda ABŞ təsirinin geniş olması səbəbindən vasitəçilik üçün uyğun ölkə deyil.
“İran International”-ın farsdilli səhifəsində yer alan sitata görə, Qazizadə Haşimi əlavə edib ki, BƏƏ-nin təhlükəsizlik və maliyyə strukturlarının Pakistanın Bəlucistan bölgəsində iştirakı, eləcə də separatçı qruplara dəstək iddiaları bu ölkəni danışıqlar üçün uyğun mühitdən uzaqlaşdırır. Bu bəyanat hazırda rəsmi dövlət qərarı kimi yox, İran daxilində səslənən tənqidi siyasi mövqe kimi görünür.
Bununla yanaşı, Pakistanın vasitəçilik rolu hələ də tam arxa plana keçmiş sayılmır. ABŞ və İran arasında onilliklərdən sonra ilk birbaşa yüksək səviyyəli təmaslar aprelin 11-12-də məhz, İslamabadda baş tutub və bu prosesdə Pakistan əsas vasitəçi kimi çıxış edib. Yüksəkvəzifəli iranlı mənbə Tehran tərəfinin ABŞ təzyiq və təhdid siyasətindən geri çəkilərsə, Pakistanda yeni raund danışıqlara qatıla biləcəyini deyib.
Pakistan tərəfi də diplomatik xətti açıq saxlamağa çalışır. Baş nazir Şahbaz Şərif planlaşdırılan İslamabad danışıqlarının hərtərəfli sülh sazişi ilə nəticələnəcəyinə ümid etdiyini bildirib.