Britaniyada azyaşlılara ömürlük siqaret qadağası təsdiqləndi

Britaniya parlamenti 2009-cu il və sonrasında doğulanlara ömürlük siqaret satış qadağasını təsdiqləyib. Yeni qanun veypinq qaydalarını da sərtləşdirir.

19

Böyük Britaniya parlamenti siqaretlə bağlı yeni və daha sərt məhdudiyyətləri təsdiqləyib.

“Reuters”-in məlumatına görə, hazırda 17 yaşı və ya daha az olan şəxslər, eləcə də, gələcəkdə doğulacaq nəsillər artıq heç vaxt qanuni şəkildə tütün məmulatı ala bilməyəcəklər. Yeni qayda 1 yanvar 2009-cu il və ondan sonra doğulanlara şamil olunur.

Qanuna əsasən, tütün almaq üçün minimal yaş həddi hər il bir yaş artırılacaq. Bu model “rolling age ban” kimi təqdim olunur və faktiki olaraq bugünkü azyaşlılar üçün ömürlük siqaret qadağası yaradır. Böyük Britaniya parlamentinin Hansard materiallarında da bu yanaşma “2009-cu il 1 yanvardan sonra doğulanlara satış qadağası” kimi əks olunub.

Yeni qanun yalnız siqaretlə məhdudlaşmır. Sənəd veypinq və digər nikotin məhsullarına nəzarəti də sərtləşdirir. Belə ki, 18 yaşdan aşağı şəxslərə veyp və nikotin məhsullarının satışı qadağan edilir, onların reklamı, vitrində nümayişi, pulsuz paylanması və endirimlə təşviqi məhdudlaşdırılır.

Britaniya hökuməti bildirir ki, bu addım siqaret çəkənlərin sayını azaltmağa, gənclərin nikotin asılılığına düşməsinin qarşısını almağa və uzunmüddətli perspektivdə Milli Səhiyyə Xidmətinə düşən yükü yüngülləşdirməyə xidmət edəcək. Səhiyyə naziri Ues Stritinq bunu ölkə səhiyyəsi üçün “tarixi an” adlandırıb və Britaniyada uşaqların “ilk siqaretsiz nəsil” olacağını bildirib.

Rəsmi hesablamalara görə, təkcə İngiltərədə siqaret hər il təxminən 64 min ölümə və 400 min xəstəxana qəbuluna səbəb olur. Bunun Milli Səhiyyə Xidmətinə illik dəyəri təxminən 3 milyard funt, ümumi iqtisadi yükü isə 20 milyard funtdan çoxdur.

Qanunun növbəti mərhələdə kral təsdiqini alması gözlənilir. “Reuters” bunu gələn həftə üçün gözlənilən prosedur kimi təqdim edir. Britaniya qanunvericiliyində kral təsdiqi əsasən formal mərhələ sayılsa da, məhz ondan sonra sənəd tam hüquqi qüvvə qazanır.