Dünyanın ən böyük prezervativ istehsalçısı qiymətləri 30%-dək artıracaq

Malayziyanın "Karex" şirkəti İran müharibəsinin təchizat zəncirinə təsiri səbəbindən prezervativ qiymətlərini 20%-30% artıracağını açıqlayıb.

12

Dünyanın ən böyük prezervativ istehsalçısı hesab olunan Malayziyanın “Karex” şirkəti qiymətləri kəskin artırmağa hazırlaşır.

“Reuters”-in məlumatına görə, şirkət İran müharibəsinin qlobal təchizat zəncirinə təsiri səbəbindən məhsul qiymətlərini ilkin mərhələdə 20%-30% artırmağı planlaşdırır.

“Karex” rəhbəri Goh Miah Kiat bildirib ki, Yaxın Şərqdəki gərginlik enerji və neft-kimya sektoruna təsir göstərdiyi üçün istehsal xərcləri sürətlə yüksəlir. Şirkət sintetik kauçuk, nitril, qablaşdırma materialları, alüminium folqa və silikon yağı kimi əsas xammallar üzrə bahalaşma ilə üzləşib.

Şirkət rəhbərliyi qeyd edib ki, mövcud vəziyyətdə əlavə xərcləri müştərilərə ötürməkdən başqa seçim qalmayıb. Əgər logistika problemləri davam etsə, qiymət artımının daha da yüksəlməsi mümkündür.

“Karex” ildə 5 milyarddan çox prezervativ istehsal edir və “Durex”, “Trojan” kimi tanınmış brendlərə, həmçinin Böyük Britaniyanın səhiyyə sistemi və BMT proqramlarına məhsul tədarük edir.

Şirkət həmçinin qlobal tələbatın artdığını açıqlayıb. Bu il prezervativə tələbat təxminən 30% yüksəlib. Daşınma gecikmələri səbəbindən Avropa və ABŞ-a göndərilən məhsulların çatdırılma müddəti əvvəlki bir aydan təxminən iki aya qədər uzanıb.

Ekspertlər hesab edir ki, uzunmüddətli logistika böhranı davam edərsə, bu vəziyyət xüsusilə inkişaf etməkdə olan ölkələrdə çatışmazlıq yarada bilər.