Simonyan: “Azərbaycan Türkiyə ilə sərhədin açılmasına mane olur”

Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib ki, Azərbaycan lobbi təsiri ilə Ermənistan–Türkiyə sərhədinin açılmasına mane olur.

11

Ermənistan parlamentinin sədri Alen Simonyan Türkiyədə erməni KİV-lərinə verdiyi müsahibədə Azərbaycanı Ermənistan–Türkiyə sərhədinin açılmasının qarşısını almaqda ittiham edib.

Simonyan bildirib ki, yaxın gələcəkdə Ermənistan ilə Türkiyə arasında sərhədin açılması və diplomatik münasibətlərin qurulması mümkündür və bunun üçün hər iki tərəfdə “lazımi siyasi iradə” mövcuddur.

Onun sözlərinə görə, prosesin ləngiməsinin əsas səbəbi Azərbaycanın lobbi təsiridir və bu təsir Türkiyənin qərarlarına da təsir göstərir.

Simonyan müsahibəsində bildirib ki, əvvəllər sərhədin Qarabağ münaqişəsinə görə açılmadığı deyilsə də, daha sonra sülh danışıqları və 17 bənd üzrə razılaşma əldə olunmasına baxmayaraq proses tam yekunlaşmayıb. O, həmçinin Ermənistan–Azərbaycan danışıqlarını “uzun və çətin proses” adlandırıb.

O əlavə edib ki, Ermənistan və Azərbaycan arasında hələ də həll olunmamış məsələlər var, o cümlədən itkin düşən şəxslər və Qarabağla bağlı humanitar məsələlər.

Simonyanın açıqlaması regionda Ermənistan–Türkiyə normallaşma prosesi və Azərbaycanla sülh danışıqları kontekstində yeni siyasi müzakirələr yaradıb.