Londonda evlərə qırmızı boya hücumu: polis mümkün Çin bandasını araşdırır

Vest Hempsteddə bir neçə ev qırmızı və qara boya ilə hədəf alınıb. London polisi insidentin mümkün Çin mənşəli cinayət qrupları ilə əlaqəsini araşdırır.

25

Londonun qərbində, Vest Hempsted ərazisində yerləşən bir neçə yaşayış evi qırmızı və qara boya ilə vandalizmə məruz qalıb.

“The Telegraph” yazır ki, Loufild Roud küçəsində təxminən yeddi obyekt zədələnib, zirzəmi mənzillərindən birinin divarına isə qırmızı boya ilə “brothel” (“fahişəxana”) sözü yazılıb. Hadisənin 14 aprel gecəsi baş verdiyi bildirilir.

Məlumata görə, hüquq-mühafizə orqanları hücumun Çin mənşəli təşkilatlanmış cinayət qrupları, o cümlədən Triada tipli dəstələr arasında mümkün qarşıdurma ilə bağlı olub-olmadığını araşdırır. Nəşr qeyd edir ki, oxşar qırmızı boya hücumları son iki ildə London, Liverpul, Esseks və Vest Yorkşir də daxil olmaqla ölkənin müxtəlif bölgələrində də qeydə alınıb.

Evening Standard”ın məlumatına görə, bu cür hücumlar yerli sakinlərdə ciddi narahatlıq yaradıb və zərərin aradan qaldırılması minlərlə funt sterlinqə başa gələ bilər. Nəşr həmçinin xatırladır ki, Vest Hempsted və Kilbern ətrafında oxşar “brothel” yazılı boya hücumları daha əvvəl də baş verib.

Metropoliten Polisi isə bildirib ki, Kemden rayon polisi Loufild Roudda bir-birinə qonşu yaşayış obyektlərinə boya atılması ilə bağlı cinayət xarakterli zərərvermə iddiasını araşdırır. Polis motivlə bağlı hələlik qəti nəticə açıqlamayıb və istintaqın davam etdiyini vurğulayıb.

Əvvəlki oxşar hallarla bağlı kriminoloq Oliver Çan bildirmişdi ki, qırmızı boya Çin və Honq Konq cinayət aləmində həm rəqibləri qorxutmaq, həm də borclulara xəbərdarlıq etmək üçün istifadə olunan simvolik üsullardan biridir. Bu səbəbdən son insidentin də eyni taktikanın davamı ola biləcəyi istisna edilmir.