FIFA Nyu-Cersidə nəqliyyat tarifinə qarşı çıxıb

FIFA Nyu-Cersidə Dünya Çempionatı oyunları üçün 150 dollarlıq ictimai nəqliyyat tarifinin azarkeşlərə mənfi təsir göstərəcəyini bildirib.

28

ABŞ-ın Nyu-Cersi ştatında 2026-cı il FIFA Dünya Çempionatı oyunlarına gediş-gəliş üçün ictimai nəqliyyat qiymətinin 150 dollara qaldırılması FIFA-nın etirazına səbəb olub.

“Reuters” yazır ki, bu məbləğ adi günlərdə həmin marşrut üzrə təxminən 15 dollarlıq gediş haqqından təxminən 10 dəfə çoxdur və azarkeşlərin stadiona gəlişinə mənfi təsir göstərə bilər.

FIFA-nın 2026-cı il Dünya Çempionatı üzrə əməliyyat direktoru Haymo Şirqi bildirib ki, bu qiymət siyasəti azarkeşləri alternativ nəqliyyat vasitələrinə yönəldəcək. Onun sözlərinə görə, bu isə tıxac, gecikmə və regionun turnirdən gözlədiyi iqtisadi faydanın azalması riskini artırır.

Nyu-Cersi Transit rəhbəri Kris Kolluri isə bahalaşmanı təhlükəsizlik xərcləri, stadion ətrafında parklanmanın məhdudlaşdırılması və oyun günlərində sərnişin axınının kəskin artması ilə əsaslandırıb. Nyu-Cersi qubernatoru Miki Şerrill də daha əvvəl bildirmişdi ki, azarkeşlərin daşınması üçün yaranan 48 milyon dollarlıq yük ştat sakinlərinin üzərinə qoyulmamalıdır və bu xərcləri FIFA qarşılamalıdır.

FIFA isə buna cavab olaraq qurumun 11 milyard dollar mənfəət deyil, gəlir gözlədiyini vurğulayıb və özünü qeyri-kommersiya təşkilatı kimi xarakterizə edib. Qurum bildirib ki, Dünya Çempionatından əldə olunan gəlirlər qlobal futbola, xüsusən də, gənclər və qadın futbolunun inkişafına yenidən yatırılır.

“MetLife” Stadionu turnir çərçivəsində səkkiz oyuna, o cümlədən 19 iyul 2026-cı il tarixində final matçına ev sahibliyi edəcək. Məhz, buna görə nəqliyyat məsələsi artıq təkcə logistika deyil, həm də turnirin azarkeş təcrübəsi ilə bağlı ciddi mübahisəyə çevrilib.