Bukele “Edgar” saç qadağasını belə şərh etdi

Salvador prezidenti Nayib Bukele dövlət məktəblərində “Edgar” saç düzümünə qadağanı dəstəkləyib. Məsələ 2025-ci ildə tətbiq olunan sərt məktəb intizam qaydaları ilə bağlıdır.

14

Salvador prezidenti Nayib Bukele dövlət məktəblərində “Edgar” saç düzümünün qadağan olunması ilə bağlı xəbərə dəstək verən paylaşım edib.

“Reuters”-in ötən il yaydığı materiala görə, El Salvadorun təhsil sistemi 2025-ci ilin avqustunda yeni qaydalar tətbiq edib və bu çərçivədə “mohawk”“Edgar cut” kimi saç düzümləri dövlət məktəblərində qadağan olunub. Bukele həmin qərarı dəstəkləyərək “X” platformasında “Edilməsi lazım olan nə varsa, tərəddüd etmədən edilməlidir” məzmunlu paylaşım edib.

Qərar yeni təhsil naziri, hərbi kapitan Karla Triqerosun rəhbərliyi altında məktəblərdə intizam qaydalarının sərtləşdirilməsi fonunda qəbul edilmişdi. “Associated Press” yazır ki, məktəb rəhbərlərinə şagirdlərin uniformasını, saç düzümünü və ümumi görünüşünü yoxlamaq tapşırılmışdı. Rəsmi mövqe belə idi ki, məqsəd məktəblərdə nizam-intizamı bərpa etmək və əvvəllər də mövcud olmuş, lakin zəif tətbiq edilən qaydaları yenidən sərt şəkildə icra etməkdir.

Bukelenin bu mövqeyi ölkədə daha geniş “intizam və nəzarət” siyasətinin bir hissəsi kimi qiymətləndirilib. Tərəfdarları bunu məktəblərdə qaydanın bərpası addımı saysa da, tənqidçilər qərarı həddindən artıq sərt və mədəni ifadə formalarına müdaxilə kimi dəyərləndiriblər. Həmin dövrdə bəzi valideynlər qaydaları dəstəkləmiş, digərləri isə bunun kasıb ailələr üçün əlavə yük yaratdığını yazmışdı.