Türkiyədə Hür ve Kabul Edilmiş Masonlar Dərnəyi (yəni Türkiyə Azad və Qəbul Edilmiş Masonlar Böyük Lojası) ilə bağlı ziddiyyətli məlumatlar yayılıb. İHA və ona istinad edən bir sıra media orqanlarının məlumatına görə, dərnək rəhbəri Remzi Sanverin həbsindən sonra ümumi qurulun vaxtında keçirilməməsi səbəbilə İstanbul Növbətçi Sülh Hüquq Məhkəməsi tərəfindən quruma müvəqqəti qəyyum təyin edilib.
Həmin xəbərlərdə bildirilib ki, məsələ üzrə əsas dinləmə 20 oktyabr 2026-cı ildə keçiriləcək.
İddia olunan məhkəmə prosesinin əsasını, xəbərlərə görə, dərnək üzvü Ali Rıza Aralın müraciəti təşkil edir. Müraciətdə Remzi Sanverin 17 oktyabr 2025-ci ildə həbs edildikdən sonra vəzifəsini faktiki icra edə bilmədiyi, konstitusiyada nəzərdə tutulan üç aylıq müddətdə də yeni ümumi yığıncağın çağırılmadığı irəli sürülüb. Bu arqumentə əsaslanaraq idarəetmədə boşluq yarandığı və müdaxiləyə ehtiyac olduğu iddia edilib.
Ancaq dərnəyin İdarə Heyəti bu xəbərləri rəsmi şəkildə yalanlayıb. Açıqlama Türkiyə Böyük Lojasının rəsmi saytında dərc olunub.
Açıqlamada bildirilib ki, məsələ yalnız bir dərnək üzvünün “idarə heyətinin toplantıya çağırılması” tələbi ilə məhkəməyə müraciət etməsindən ibarətdir və həmin müraciətdə qəyyum təyinatı tələbi yoxdur. Dərnək həmçinin qəyyum təyin olunması üçün hüquqi əsasın da mövcud olmadığını vurğulayıb.
Rəsmi mövqeyə görə, Remzi Sanverin həbsdə olması yalnız müvəqqəti tədbir xarakteri daşıyır, onun mülki hüquqlardan istifadə qabiliyyəti məhdudlaşdırılmayıb və bu səbəbdən dərnək prezidentliyinin “boşaldığı” qənaətinə gəlmək hüquqi baxımdan mümkün deyil. İdarə Heyəti bildirib ki, prezident, idarə heyəti və digər bütün qurumlar fəaliyyətini davam etdirir.
Mövzunun diqqət çəkməsinin başqa bir səbəbi də Remzi Sanverin ictimai profili ilə bağlıdır. “Cumhuriyet”-in təqdimatına görə, Prof. Dr. Remzi Sanver təkcə akademik fəaliyyəti ilə deyil, həm də 2021–2022-ci illərdə “Qalatasaray” İdman Klubunda baş katib və idarə heyətinin müşaviri kimi fəaliyyəti ilə tanınır. Eyni xəbərlərdə onun “Can Holding” istintaqı çərçivəsində “mənfəət məqsədilə cinayıtkar qrupa üzv olma” və “cinayət yolu ilə əldə edilən mənfəəti gizləmə” ittihamları ilə həbs edildiyi qeyd olunur.