ABŞ–İran danışıqları fiasko ilə başa çatdı

İslamabadda 21 saat davam edən ABŞ–İran danışıqları razılaşmasız bitib. Əsas fikir ayrılığı nüvə proqramı və Hörmüz boğazı ətrafında yaranıb. 

16

İslamabadda ABŞ və İran arasında 21 saat davam edən birbaşa danışıqlar razılaşma olmadan başa çatıb.

“Reuters” yazır ki, əsas fikir ayrılığı İranın nüvə proqramı, Hörmüz boğazına nəzarət və daha geniş təhlükəsizlik şərtləri ətrafında yaranıb. ABŞ nümayəndə heyətinə rəhbərlik edən vitse-prezident Cey Di Vens bildirib ki, Tehran Vaşinqtonun əsas tələblərini, xüsusən də nüvə silahı istiqamətində irəliləməyəcəyinə dair aydın öhdəliyi qəbul etməyib.

İran tərəfi isə məsuliyyəti ABŞ-ın üzərinə qoyur. Tehran Vaşinqtonu “həddindən artıq tələblər” irəli sürməkdə ittiham edib, İran XİN sözçüsü İsmayıl Bəqayi isə bəzi məsələlərdə anlaşma olsa da, “iki-üç əsas mövzuda” ciddi fikir ayrılıqlarının qaldığını bildirib. “Reuters” danışıqların etimadsızlıq şəraitində keçdiyini və bu səbəbdən nəticənin əldə olunmadığını vurğulayır.

Müzakirələrin ən həssas mövzularından biri Hörmüz boğazı olub. ABŞ boğazda sərbəst gəmiçiliyin bərpasını istəyib, İran isə nəzarət və regional təhlükəsizlik məsələlərində geri çəkilməyib. İran mediasında, o cümlədən “Tasnim”-də Vaşinqtonun zənginləşdirilmiş uranın ölkədən çıxarılmasında israr etdiyi və Tehranın bunu rədd etdiyi iddiası yayılıb. Ancaq bu konkret detal müstəqil şəkildə təsdiqlənməyib.

Danışıqların nəticəsiz qalması 22 aprelədək qüvvədə olması nəzərdə tutulan kövrək atəşkəsi də risk altına salır. Pakistan tərəfləri dialoqu davam etdirməyə çağırıb, lakin yeni raundun tarixi hələ açıqlanmayıb. Hazırkı mənzərə göstərir ki, Vaşinqton və Tehran arasında əsas ziddiyyətlər aradan qalxmayıb və prosesin növbəti mərhələsi hələ də qeyri-müəyyəndir.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930