GİKM cari ilin ilk rübündə 2000-dən çox gənci əhatə edib

Gənclərin İnkişaf və Karyera Mərkəzi 2026-cı ilin yanvar-mart aylarında Bakı və regionlarda təşkil etdiyi infosessiyalar vasitəsilə 2000-dən çox gənci əhatə edib.

70

2026-cı ilin yanvar-mart ayları ərzində Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) tərəfindən Bakı şəhəri ilə yanaşı, ölkənin müxtəlif regionlarını əhatə edən genişmiqyaslı infosessiyalar təşkil olunub. Həyata keçirilən fəaliyyətlər çərçivəsində ümumilikdə 20 şəhər və rayon üzrə 40 təhsil müəssisəsində 2000-dən çox gənc məlumatlandırılıb.

İnfosessiyaların əsas məqsədi gəncləri mövcud inkişaf və karyera imkanları barədə məlumatlandırmaq, onların şəxsi və peşəkar inkişafına dəstək göstərmək olub. Görüşlər zamanı iştirakçılara Gənclərin İnkişaf və Karyera Mərkəzinin, eləcə də Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyəti, həyata keçirdiyi layihələr və gənclər üçün təqdim etdiyi imkanlar barədə ətraflı məlumat verilib.

Tədbirlər çərçivəsində GİKM tərəfindən hazırlanmış “Şəxsi inkişaf kitabçası”“Karyera bələdçisi” adlı əyani vəsaitlər də iştirakçılara təqdim olunub. Qeyd edilib ki, bu resurslar gənclərin gələcək inkişaf yolunda daha faydalı istiqamətlənməsinə və zəruri məlumatlarla təmin olunmasına xidmət edir.

Statistik göstəricilərə əsasən, 2026-cı ilin ilk üç ayında Bakıda keçirilən infosessiyalarda 300-ə yaxın gənc iştirak edib. Regionlar üzrə isə 19 şəhər və rayonda 1800-dən çox gənc infosessiyalara cəlb olunub.

Qeyd edək ki, Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən infosessiyaların il ərzində həm paytaxtda, həm də regionlarda davam etdirilməsi nəzərdə tutulur.