Bosniya və Herseqovina millisinin hücumçusu Ermedin Demiroviç 2026-cı il Dünya Çempionatına vəsiqə qazandıqdan sonra verdiyi sözü yerinə yetirməli olacaq.
“Ştutqart”ın formasını geyinən futbolçu pley-off oyunlarından əvvəl Bosniya mundiala çıxsa, klub azarkeşlərinə pivə alacağını vəd etmişdi. İtaliya üzərində qazanılan tarixi qələbədən sonra o, bu sözünə sadiq qalacağını açıqlayıb.
“Reuters” yazır ki, bu jest Demiroviçə təxminən 300 min avroya başa gələ bilər. Hesablamaya görə, “Ştutqart”ın ev oyunlarında orta tamaşaçı sayı 60 minə yaxındır və bir bokal pivənin qiyməti təxminən 5 avrodur. Demiroviç bu məbləğin böyük olduğunu qəbul etsə də, bunu ürəkdən edəcəyini bildirib.
Bosniya və Herseqovina İtaliyanı pley-off finalında penaltilərlə məğlub edərək tarixində ikinci dəfə Dünya Çempionatına vəsiqə qazanıb. Komanda DÇ-2026-da “B” qrupunda Kanada, Qətər və İsveçrə ilə qarşılaşacaq.