Fransada “Bank of America”-ya planlaşdırılan hücum işi üzrə daha iki nəfər saxlanılıb

Fransada Parisdəki "Bank of America" ofisinə qarşı qarşısı alınmış hücum cəhdi ilə bağlı daha iki nəfər saxlanılıb. İstintaqda İranla əlaqə ehtimalı da araşdırılır.

10

Fransada Parisdəki “Bank of America” ofisinə qarşı qarşısı alınmış hücum cəhdi ilə bağlı istintaq genişlənir.

Reuters“-in məlumatına görə, ölkənin antiterror prokurorluğu hadisə ilə əlaqədar daha iki nəfərin saxlanıldığını açıqlayıb. Bununla yanaşı, şənbə günü həbs edilən ilk şübhəlinin, yetkinlik yaşına çatmayan şəxsin polis nəzarətində saxlanma müddəti də uzadılıb.

Fransa qanunvericiliyinə əsasən, terror işi üzrə saxlanılan şəxslər 96 saata qədər nəzarətdə saxlanıla bilər. Zəruri hallarda bu müddət məhkəmə nəzarəti altında daha da artırıla bilər. Prokurorluq bildirib ki, araşdırma “Bank of America” binasına qarşı yanğın və ya digər təhlükəli vasitələrlə məhv etməyə cəhd, eləcə də partlayıcı və ya alışdırıcı qurğunun hazırlanması, saxlanılması və daşınması maddələri üzrə aparılır.

Fransanın daxili işlər naziri Loran Nünez mümkün sifarişçilərlə bağlı sualları cavablandırarkən İran ehtimalına diqqət çəkib, lakin yekun nəticə olmadığını vurğulayıb. Onun sözlərinə görə, bu cür hallarda İranla əlaqəli strukturların vasitəçilərdən istifadə edərək əməliyyat keçirməsi ehtimalı mövcuddur. Nazir bildirib ki, ciddi şübhələr var, amma son sözü istintaq deyəcək. Fransadakı İran səfirliyi isə bu bəyanatlara şərh verməkdən imtina edib.

İstintaq Paris polisinin məhkəmə bölməsinə və Fransanın daxili kəşfiyyat xidmətinə həvalə olunub. Nünezin sözlərinə görə, polis şənbə günü səhər tezdən Parisin 8-ci dairəsində həssas obyektlərin mühafizəsi ilə məşğul olan patrulun iki nəfəri bank binasının qarşısında kustar üsulla hazırlanmış partlayıcı qurğunu yerləşdirərkən və onu alışdırmağa çalışarkən görməsindən sonra müdaxilə edib.

Nazir bildirib ki, hadisə yerində bir şübhəli saxlanılıb, digər şəxs isə qaçmağa nail olub. Onun sözlərinə görə, hücum cəhdində istifadə edilən qurğu içərisində ehtimal ki, karbohidrogen əsaslı maddə olan qab və sadə alışdırma sistemindən ibarət olub. Şübhəlilərdən biri qurğunu yandırmağa çalışarkən, digəri prosesi videoya çəkirmiş. Nünez qeyd edib ki, cihaz bəsit görünsə də, ölümcül nəticələrə səbəb ola bilərdi və polis onun işə düşməsinin qarşısını vaxtında alıb.

Fransa rəsmiləri hesab edir ki, saxlanılan şəxslər peşəkar terrorçulardan çox, pul müqabilində hərəkət edən vasitəçilər ola bilər. Nazir bu modeli daha əvvəl də Avropanın müxtəlif ölkələrində müşahidə edilən taktika kimi xarakterizə edib. O bildirib ki, Niderland, Belçika, Böyük Britaniya və Norveçdə də ABŞ maraqları ilə əlaqəli obyektlərə qarşı bənzər kustar qurğularla hücum cəhdləri qeydə alınıb.

Hazırda istintaq davam edir və Fransa təhlükəsizlik orqanları həm hücumun arxasında dayanan mümkün şəbəkəni, həm də onun xarici əlaqələrinin olub-olmadığını müəyyənləşdirməyə çalışır.

Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
29 mart 2026