Yaponiya təhlükəsizlik riskləri fonunda FOIP vizyonunu yeniləyir

Yaponiya hökuməti təhlükəsizlik mühitinin sərtləşməsi və texnoloji rəqabət səbəbilə Sərbəst və Açıq Hind–Sakit okean (FOIP) vizyonunu yeniləməyi planlaşdırır.

64

Yaponiya hökuməti regionda təhlükəsizlik mühitinin getdikcə sərtləşməsi və yeni texnoloji rəqabət faktorlarının ortaya çıxması fonunda Sərbəst və Açıq Hind-Sakit okean (FOIP) vizyonunu yeniləməyi planlaşdırır.

Paytaxt Tokiodan yayımlanan xəbərə görə, dövlət televiziyası “NHK”nın məlumatında Nazirlər Kabinetinin baş katibi Minoru Kihara bildirib ki, FOIP vizyonu son illərdə daha mürəkkəb təhlükəsizlik mühiti və yeni beynəlxalq rəqabət çağırışları ilə üz-üzə qalıb.

Kihara vurğulayıb ki, vizyonun ilk dəfə təqdim edildiyi 2016-cı ildən bəri regional və qlobal şərait əhəmiyyətli dərəcədə dəyişib. Onun sözlərinə görə, “FOIP zamanın tələblərinə cavab verməli və ən uyğun formaya salınmalıdır”.

Nazirlər Kabinetinin baş katibi iqtisadi təhlükəsizlik və yeni texnologiyalar sahəsində beynəlxalq rəqabətin dərinləşdiyini, əvvəl mövcud olmayan problemlərin meydana çıxdığını qeyd edərək, bu səbəbdən vizyonun yenilənməsinin zəruri olduğunu bildirib. Bununla yanaşı, o, FOIP-in əsas prinsipləri olan azadlıq və hüququn aliliyinin dəyişməz qaldığını vurğulayıb, lakin mümkün konkret dəyişikliklərlə bağlı detalları açıqlamayıb.

Yaponiyanın “Kyodo” agentliyi isə ölkənin “getdikcə daha iddialı mövqe tutan Çin” və Şimali Koreyanın raket və nüvə təhdidləri səbəbilə ciddi təhlükəsizlik çağırışları ilə qarşılaşdığını yazıb.

Strateji əhəmiyyət daşıyan Sərbəst və Açıq Hind–Sakit okean vizyonu regionda “eyni düşüncəni bölüşən” ölkələri həm bir-biri ilə, həm də ABŞ-la təhlükəsizlik əsaslı əməkdaşlıq çərçivəsində yaxınlaşdırmağı hədəfləyir.

Yaponiya bu vizyonu Çinin 2013-cü ildə irəli sürdüyü “Bir Kəmər-Bir yol” layihəsinə (BRI) qarşı balanslaşdırıcı addım kimi dəyərləndirir. FOIP konsepsiyası ilk dəfə 2016-cı ildə mərhum baş nazir Abe Şinzonun hakimiyyəti dövründə ictimaiyyətə təqdim olunmuşdu.

ABŞ-ın 2017-ci il Milli Təhlükəsizlik Strategiyasında “Asiya–Sakit okean bölgəsi” ifadəsinin “Sərbəst və Açıq Hind–Sakit okean” anlayışı ilə əvəzlənməsi bu təşəbbüs çərçivəsində tərəflərin rolunu daha da aydınlaşdırıb.

FOIP-in ideya müəllifi olan Abe Şinzonun siyasi xəttini davam etdirən, onun “şagirdi” kimi tanınan Takaiçi Sanae liderliyindəki Liberal Demokrat Partiyası bu ay keçirilən erkən parlament seçkilərində mühüm uğur qazanıb. Partiya parlamentdəki mandat sayını 198-dən 316-ya yüksəldərək 465 yerlik Məclisdə üçdə iki çoxluğu təmin edib.

Bu nəticə hakim partiyaya qanunların qəbulu və konstitusiya dəyişiklikləri üçün zəruri olan həddi keçməyə imkan verir. 2025-ci ilin oktyabrında əvvəl partiya lideri, daha sonra parlamentdaxili səsvermə ilə ölkənin ilk qadın baş naziri seçilən Takaiçi Sanae, bu nəticə ilə müharibədən sonrakı dövrdə partiyasına tarixi uğur qazandırıb.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930