Hindistanda məscidlər sökülür

Hindistanın Uttar-Pradeş ştatında hakimiyyət beş məscidin bəzi hissələrinin söküntüsünə başlayıb. Rəsmi qurumlar bunu yolun genişləndirilməsi və qanunsuz tikililərə qarşı kampaniya ilə izah edir.

10

Hindistanın Uttar-Pradeş ştatında beş məscidin söküntüsünə başlanılması yerli müsəlman icması və hüquq müdafiəçiləri arasında narahatlıq yaradıb.

MSNews.az xəbər verir ki, söküntü işləri Varanasi şəhərində aparılır. “The Times of India” yazır ki, beş məscidin bəzi hissələrinin sökülməsi Dalmandi yenidənqurma layihəsi çərçivəsində, gücləndirilmiş təhlükəsizlik tədbirləri altında həyata keçirilir.

Madhyamam Online”-ın məlumatına görə, söküntü işləri yolun genişləndirilməsi və şəhərsalma layihəsi ilə əlaqələndirilir. Layihənin Maidagin–Godovlia marşrutunda nəqliyyat sıxlığını azaltmaq və Kaşi Vişvanat Dham kompleksinin 4-cü girişinə çıxışı yaxşılaşdırmaq məqsədi daşıdığı bildirilir.

Bəzi beynəlxalq və regional media orqanları isə hadisəni Hindistanda “icazəsiz dini tikililərə” qarşı daha geniş kampaniyanın tərkib hissəsi kimi təqdim edir. “Safir” yazır ki, Uttar-Pradeş hakimiyyəti söküntünü “icazəsiz və lisenziyasız tikililərə” qarşı tədbir kimi izah edir.

Yerli sakinlər və müsəlman icmasının nümayəndələri isə qərarın dini irsə və ibadət yerlərinə təsirindən narahatdırlar. “DID Press”-in məlumatına görə, hökumət sökülən obyektlərin dövlət torpağında və lazımi icazələr olmadan tikildiyini bildirir, tənqidçilər isə bu addımların müsəlman dini obyektlərinə təzyiq kimi qəbul edildiyini qeyd edirlər.

Məsələ Hindistanda dini obyektlərin hüquqi statusu, şəhərsalma layihələri və azlıqların hüquqları ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Uttar-Pradeş hökuməti tədbirlərin konkret dini icmaya qarşı yönəlmədiyini, məqsədin qanunsuz tikililərlə bağlı qaydaların tətbiqi olduğunu bildirir.