İmran Xanın oğulları onun səhhətindən narahatdır

Həbsdə olan Pakistanın keçmiş baş naziri İmran Xanın oğulları atasının səhhətinin pisləşdiyini bildirərək onu ziyarət etmək üçün viza istəyiblər. Rəsmi qurumlar isə səhlənkarlıq iddialarını rədd edir.

61

Həbsdə olan Pakistanın keçmiş baş naziri İmran Xanın oğulları atalarının səhhətinin pisləşdiyindən narahat olduqlarını bildirərək onu ziyarət etmək üçün Pakistan hakimiyyətindən viza gözlədiklərini açıqlayıblar.

Londonda “Reuters” agentliyinə danışan Kasim və Süleyman Xan iki ildən artıqdır atalarından ayrı qaldıqlarını deyiblər. Onların sözlərinə görə, keçmiş baş nazirin sağ gözündə ciddi görmə problemi yaranıb. Xanın vəkili ötən həftə Pakistan Ali Məhkəməsində onun həbsdə olarkən sağ gözündə görmənin əhəmiyyətli dərəcədə zəiflədiyini bildirib.

Rəsmi tibbi komissiya isə şişkinliyin müalicədən sonra azaldığını və görmənin yaxşılaşdığını açıqlayıb. Hakimiyyət nümayəndələri müxalifətin səhlənkarlıq və pis rəftar iddialarını rədd edərək müalicə prosedurlarının davam etdiyini vurğulayıblar.

73 yaşlı İmran Xan 2023-cü ilin avqustundan həbsdədir. Onun rəhbərlik etdiyi “Pakistan Tehreek-e-Insaf” (PTI) partiyası ittihamların siyasi motivli olduğunu bildirir. 2022-ci ildə etimadsızlıq səsverməsi ilə hakimiyyətdən kənarlaşdırıldıqdan sonra o, dövlət hədiyyələri və qanunsuz nikah da daxil olmaqla bir sıra işlər üzrə mühakimə olunub. Bəzi hökmlər dayandırılıb və ya ləğv edilib, lakin apellyasiya prosesləri davam edir.

Qardaşlar ötən ay viza üçün müraciət etdiklərini, lakin hələ cavab almadıqlarını deyiblər. Onlar atalarının səhhəti ilə yanaşı, ədalətli məhkəmə hüququ və qanunun aliliyinin təmin olunmasının vacibliyini vurğulayıblar.

Pakistan rəsmiləri məsələ ilə bağlı əlavə şərh verməyiblər.