DTX dövlət hakimiyyətinə qarşı yönəlmiş cinayət xarakterli əməllərlə bağlı istintaq tədbirlərinin davam etdirildiyini açıqlayıb.
DTX-nın mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Azərbaycan Respublikasının təhlükəsizliyinə, milli maraqlarına və rifahına qarşı xarici xüsusi xidmət orqanlarının təxribatçı və destruktiv fəaliyyətlərinin qarşısının alınması məqsədilə həyata keçirilmiş kompleks tədbirlər nəticəsində bir qrup Azərbaycan Respublikası vətəndaşının dövlət hakimiyyətini zorla ələ keçirməyə və konstitusiya quruluşunu zorla dəyişməyə cəhd göstərməsi ilə bağlı əsaslı şübhələr müəyyən edilib.
Məlumata görə, Ramiz Mehdiyev Ənver oğlu, Abbas Abbasov Aydın oğlu, Əli Kərimli Əmirhüseyn oğlu və digər şəxslər bu əməllərdə şübhəli bilinirlər.
İstintaq materiallarına əsasən, 4 iyul 2012-ci ildə xarici dövlətdə qeydiyyatdan keçmiş və xarici xüsusi xidmət orqanları tərəfindən Azərbaycandakı siyasi proseslərə müdaxilə məqsədilə yaradılmış “Rusiya Azərbaycanlı Təşkilatları İttifaqı” (qeyri-rəsmi adı ilə “Milyarderlər İttifaqı”) təşkilatının həmtəsisçiləri və rəhbərləri Abbas Abbasov və Rüstəm İbrahimbəyov, eləcə də Ramiz Mehdiyev, AXCP sədri Əli Kərimli və partiyanın digər üzvləri dövlət hakimiyyətini zorla ələ keçirmək məqsədilə əlbir olublar.
Qeyd olunur ki, onların yaratdığı “Milli Demokratik Qüvvələrin Milli Şurası” adlı təşkilat 2013-cü il prezident seçkilərində xarici ölkə vətəndaşı Rüstəm İbrahimbəyovu namizəd kimi irəli sürüb və xarici xüsusi xidmət orqanlarının maliyyə və təşkilati dəstəyi ilə kütləvi iğtişaşların təşkili istiqamətində fəaliyyət göstərib.
İstintaqla müəyyən edilib ki, müxtəlif şəxslər vasitəsilə əldə edilən ümumilikdə 933 828,40 manat məbləğində vəsait mitinqlərin təşkili, ictimai asayişin pozulması, dövlət orqanlarının fəaliyyətinin iflic edilməsi məqsədilə respublikanın müxtəlif bölgələrindən şəxslərin Bakıya cəlb edilməsinə yönəldilib.
Texniki sübutlara əsasən, “Milyarderlər İttifaqı” üzvlərinə 2013-cü il prezident seçkiləri dövründə xaricdə yaşayan Azərbaycan vətəndaşlarının ölkəyə göndərilməsi, onların isə öz qohum və yaxınlarını mitinqlərə və kütləvi iğtişaşlara cəlb etməsi tapşırılıb.
Bundan əlavə, istintaq zamanı məlum olub ki, 2013-cü ildə “Milli Şura” tərəfindən müvafiq xarici dövlətin rəhbərliyinə ünvanlanmış məxfi məktubda təşkilata dəstək göstərilməsi və Azərbaycana qarşı siyasi təzyiqlərin artırılması xahiş edilib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.