ABŞ ilə İran arasında artan gərginlik fonunda Omanın paytaxtı Maskatda keçirilən danışıqlar, eləcə də Vaşinqtonun Cənubi Qafqaza yönəlik diplomatik fəallığı regionun təhlükəsizlik arxitekturası ilə bağlı yeni suallar doğurur.
Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) eksperti Novruzəli Yusubzadə MSNews.az-a açıqlamasında ABŞ–İran münasibətlərinin perspektivlərini və bu proseslərin Azərbaycan üçün mümkün təsirlərini şərh edib.
– Omanın paytaxtı Maskatda keçirilən ABŞ–İran danışıqlarının perspektivlərini necə görürsünüz? Sizcə, bu danışıqlar iki ölkə arasında gərginliyi aradan qaldıra bilərmi?
– ABŞ–İran çəkişməsi əslində İran–İraq müharibəsindən sonra formalaşan və zamanla İranın nüvə enerjisindən istifadəsi, ballistik raket proqramı və regiondakı vəkil qüvvələrinin gücləndirilməsi ilə daha da dərinləşən uzunmüddətli qarşıdurmadır. Danışıqlar platforması kimi əvvəlcə İstanbulun, daha sonra Maskatın seçilməsi təsadüfi deyil. Xüsusilə, Maskatın seçilməsi İranın neytral və nisbətən etibarlı mühitdə dialoq aparmaq istəyinin göstəricisidir.
Etibarlı mənbələrdən əldə edilən məlumatlara görə, ABŞ indiyədək azı dörd dəfə İrana qarşı real hərbi hücuma hazırlaşıb, lakin son anda bu qərarlardan geri çəkilib. Maraqlıdır ki, hər belə ləğvdən sonra İran Çin–Rusiya tandemi vasitəsilə daha müasir və güclü silah sistemləri ilə təchiz olunub. Bu da ABŞ üçün İrana hərbi müdaxiləni getdikcə daha riskli və çətin hala gətirib.
Vaşinqton İranla üç əsas mövzuda – nüvə proqramı, ballistik raketlər və regional vəkil qüvvələri məsələsində anlaşma əldə etmək istəyir. İlkin mərhələdə rejim dəyişikliyi variantı müzakirə olunsa da, bunun real və davamlı nəticə verməyəcəyi aydınlaşdıqdan sonra ABŞ daha praqmatik hədəflərə fokuslanıb. İran tərəfi isə danışıqlarda yalnız nüvə mövzusunda müəyyən güzəştlərə hazır olduğunu açıq şəkildə bəyan edir.
Bu nöqtədə ABŞ üçün iki əsas seçim qalır: ya İranla müəyyən ortaq nöqtələr tapılacaq və simvolik xarakter daşıyan hərbi zərbələrlə proses “üz saxlayan” şəkildə tamamlanacaq, ya da vaxt itirilmədən genişmiqyaslı hücum ssenarisi işə düşəcək. Çünki son günlər Çində İranın yüksək rütbəli hərbi nümayəndələrinə J-20 döyüş təyyarəsinin maketinin təqdim edilməsi göstərir ki, ABŞ tərəddüd etdikcə İranın hərbi imkanları daha da güclənir və bu proses Vaşinqtonun manevr imkanlarını daraldır.
– ABŞ-nin vitse-prezidentinin Ermənistan və Azərbaycana səfəri, həmçinin ABŞ şirkətləri və yəhudi təşkilatlarının ölkəmizə gəlişi İran mövzusu ilə əlaqələndirilə bilərmi?
– İlk baxışda bu səfərlər İran məsələsi ilə birbaşa əlaqəli kimi görünə bilər. Lakin reallıqda ABŞ vitse-prezidenti Cey Di Vensin Ermənistan və Azərbaycana, eləcə də, yəhudi lobbisinin nüfuzlu nümayəndələrinin ölkəmizə səfərləri İranla bağlı sərt ritorikadan xeyli əvvəl planlaşdırılıb. Bu səfərlərin əsas məqsədi regionu Rusiyanın geosiyasi “arxa bağçası” statusundan çıxarmaq və ABŞ-ın strateji təsir imkanlarını gücləndirməkdir.
Şübhəsiz ki, yəhudi lobbisinin səfərləri zamanı regionun gələcəyi və İran faktoru da müzakirə edilib. Ancaq bu müzakirələr daha çox uzlaşma və diplomatik tarazlıq axtarışları kontekstində aparılıb. Burada diqqətçəkən məqam Maskat danışıqları ilə paralel olaraq İran nümayəndə heyətinin Bakıya səfər etməsidir.
Cənab Prezident İlham Əliyevin İran Prezidenti ilə telefon danışığından sonra Azərbaycanın eskalasiyanın qarşısının alınması üçün diplomatik imkanlarını aktiv şəkildə işə salması regionda sabitlik baxımından mühüm addımdır. Yəhudi lobbisinin Bakıda iştirakı da Azərbaycanın bu məsələdə gərginliyin diplomatik yolla həllinə verdiyi önəmi və siyasi iradəsini nümayiş etdirir.
Əlbəttə, ABŞ–İran qarşıdurması ilə bağlı yekun qərar bu iki dövlətin öz əlindədir. Lakin regionun təhlükəsizliyi və sabitliyi naminə Azərbaycanın prosesdə balanslaşdırıcı və konstruktiv rol oynadığı açıq şəkildə görünür.