Lula Neymarla bağlı Ançelottiyə mesaj verdi

Braziliya prezidenti Lula da Silva Karlo Ançelotti ilə Neymarın Dünya Kubokuna aparılması barədə danışdığını bildirib. O, Neymarın yalnız fiziki cəhətdən hazır olarsa milliyə çağırılmalı olduğunu deyib.

29

Braziliya prezidenti Luiz İnasiu Lula da Silva yığma komandanın baş məşqçisi Karlo Ançelotti ilə Neymarın 2026-cı il Dünya Kubokuna aparılması barədə danışdığını bildirib. Beynəlxalq idman mediasının yaydığı məlumata görə, Lula Neymarın çağırış almaq üçün təkcə adına deyil, fiziki hazırlığına və peşəkarlığına güvənməli olduğunu deyib.

Məlumatı “GOAL” nəşrinə istinadən MSNews.az verir.

“Goal” nəşrinin yazdığına görə, Lula Ançelottiyə bildirib ki, Neymar fiziki baxımdan hazırdırsa, milliyə çağırılmağa layiqdir. O, həmçinin vurğulayıb ki, futbolçu mundiala getmək istəyirsə, bunu meydanda sübut etməlidir və yalnız ada görə heyətə salınmamalıdır. Eyni zamanda, Lula Neymar üçün Kriştianu Ronaldu və Lionel Messi kimi peşəkar yanaşmanı nümunə göstərib.

“Reuters”-in 11 aprel tarixli materialına əsasən, Ançelotti Neymarın 2026-cı il Dünya Kubokuna düşmək üçün qarşıdakı iki ayda hazır olduğunu göstərməli olduğunu deyib. Həmin xəbərdə qeyd olunur ki, Neymar son vaxtlar zədədən qayıtdıqdan sonra formaya düşməyə çalışır və baş məşqçi onun qapısını tam bağlamayıb.

Həmçinin qeyd olunur ki, Neymar Braziliya millisinin tarixində ən çox qol vuran futbolçudur və 79 qola imza atıb. Bununla belə, onun son illərdə zədələr səbəbindən sabit çıxış etməməsi dünya çempionatı heyəti ilə bağlı sualları artırıb.