ABŞ-da yaşayan “Gerti” adlı toyuq Ginnesin Rekordlar Kitabı tərəfindən dünyanın ən yaşlı yaşayan toyuğu kimi rəsmən tanınıb. “Guinness World Records”-un açıqlamasına görə, Gerti bu titulu 15 yaş 100 günlük olarkən əldə edib. Bu göstərici əvvəlki rekordçu, Texas ştatında yaşayan “Pearl” adlı toyuğu altı aydan çox qabaqlayıb.
Rəsmi məlumata əsasən, “Gerti” ABŞ-ın Men ştatında sahibinin himayəsində yaşayır. “Guinness World Records” yazır ki, yaşının çox olmasına baxmayaraq, quş gündəlik vərdişlərini qoruyub saxlayır. “Gerti” artıq kor olsa da, vaxtının böyük hissəsini alman doqu cinsindən olan iti ilə birlikdə keçirir və öz hasarlanmış məkanında ehtiyatla gəzişməyə davam edir.
Lakin burada bir məqam var: Gerti “dünyanın ən yaşlı toyuğu” deyil, daha dəqiq ifadə ilə “dünyanın ən yaşlı yaşayan toyuğu” kimi tanınıb. Çünki indiyədək qeydə alınmış ən uzunömürlü toyuq rekordu daha yüksəkdir: “Muffy” adlı toyuğun 23 il 152 gün yaşadığı bildirilir. Hazırkı Ginness titulu isə yaşayan toyuqlar arasında rekord göstəriciyə aiddir.
Ginnessin məlumatına görə, rekord 2025-ci ilin noyabrında təsdiqlənsə də, bu barədə ictimai elan daha sonra yayımlanıb. Yerli və beynəlxalq media da “Gerti”nin qeyri-adi uzunömürlülüyünü nadir hadisə kimi təqdim edir; çünki ev toyuqlarının tipik ömrü adətən bundan xeyli qısa olur.