“Yuventus”, “Arsenal” və Avstriya milli komandasının sabiq qapıçısı Aleksander Manninger 48 yaşında vəfat edib. Avstriya və Britaniya mediasının yaydığı məlumata görə, keçmiş qolkiperin idarə etdiyi avtomobil dəmir yolu keçidində qatarla toqquşub. Hadisə Avstriyanın Zalsburq bölgəsində baş verib.
MSNews.az xəbəri “ORF” və “Sky News”-a istinadən verir.
“Sky News” və digər mənbələrin məlumatına əsasən, Manningerin ölüm xəbəri onun keçmiş klublarından biri olan “Red Bull Zalsburq” tərəfindən də təsdiqlənib. Yerli mediada qəzanın qorunmayan dəmir yolu keçidində baş verdiyi, avtomobilin regional qatar tərəfindən vurulduğu bildirilir.
Aleksander Manninger 1997–2002-ci illərdə “Arsenal”ın formasını geyinib və İngiltərə Premyer Liqasında çıxış edən ilk avstriyalı futbolçu kimi yadda qalıb. O, karyerası ərzində “Yuventus”, “Siena”, “Auqsburq”, “Liverpul” və “Red Bull Zalsburq” kimi klublarda da oynayıb. Avstriya millisində isə 33 oyun keçirib.
Hazırda qəzanın bütün detalları ilə bağlı rəsmi istintaqın davam etdiyi bildirilir. Açıq mənbələrdə hadisənin ilkin səbəbi barədə yekun rəsmi nəticə hələ açıqlanmayıb.