Qambiya-Myanma: Beynəlxalq Ədalət Məhkəməsində soyqırım davası

Qambiya, Myanma ordusunun Rohinqya müsəlmanlarına qarşı soyqırımını isbat etmək üçün Beynəlxalq Ədalət Məhkəməsinə geniş dəlillər təqdim etdi. Bu dava gələcək soyqırım işləri üçün də yol göstərəcək.

44

Qambiya, Beynəlxalq Ədalət Məhkəməsinə Myanma ordusunun Arakanlı müsəlmanlara (Rohingya) qarşı sistemli soyqırım həyata keçirdiyini sübut edən geniş dəlillər təqdim edib.

Myanma hökuməti iddiaları rədd edərək hərəkətlərini “terrorla mübarizə” kimi təqdim etsə də, Qambiya hüquq komandası bu iddialara qarşı kifayət qədər etibarlı sübutlar ortaya qoyub.

Qambiyanın hüquq komandasının rəhbəri Arsalan Suleman və “Fortify Rights” şirkətinin CEO-su Metyu Smit verdikləri açıqlamada, dosyedə BMT-nin müstəqil araşdırma orqanlarının hesabatları, şahid ifadələri, ekspert rəyləri, peyk görüntüləri, rəqəmsal forensik tapıntılar və sosial media paylaşımları daxil olmaqla çoxsaylı dəlillərin toplandığını vurğulayıblar.

Suleman həmçinin qeyd edib ki, duruşmalarda soyqırımdan sağ qalan zərərçəkənlərin ifadələri hakimlər üçün kritik əhəmiyyət daşıyıb və onların güclü şahidliyi, dəlillərin etibarlılığını təsdiqləyib. Qambiya tərəfi Myanma ordusunun soyqırım aktını qəti və təsdiqedici şəkildə sübut etdiyini, bunun Bosniya-Herseqovina və Xorvatiya məhkəmə qərarlarında müəyyən edilən standartlara uyğun olduğunu bildirib.

“Fortify Rights” CEO-su Smit, duruşmaların ən vacib anlarından birinin Myanma nümayəndələrinin salonunda oturaraq təqdim olunan soyqırım sübutlarını dinləməsi olduğunu bildirib. Myanma ordusunun sosial media platformalarını, xüsusilə “Facebook”-u, nifrət mesajlarını yaymaq və arakanlılara qarşı zorakılığı təşviq etmək üçün necə istifadə etdiyini göstərən sübutların bu baxımdan əhəmiyyətli olduğunu vurğulayıb.

Suleman və Smit həmçinin qeyd ediblər ki, BƏM-in qərarı yalnız bu dava üçün deyil, gələcək soyqırım işləri üçün də əhəmiyyətli bir əmsal rolunu oynayacaq. Qambiya, 11 noyabr 2019-cu ildə arakanlılara qarşı soyqırım iddialarını təsdiqlətmək üçün BƏM-nə müraciət etmiş və məhkəmə hakimləri artıq yekun qərar üçün müzakirəyə başlayıblar.