Qubada “Pink Power Fest” çərçivəsində qızlar arasında voleybol turniri keçirilib

Quba rayonunda “Pink Power Fest” qrant layihəsi çərçivəsində qız şagirdlər arasında voleybol turniri təşkil olunub. Yarışın qalibi Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Lisey olub.

137

Quba rayonunda “Pink Power Fest – qız şagirdlərin idman festivalı” qrant layihəsi çərçivəsində qız şagirdlər arasında voleybol turniri təşkil olunub. Turnirə Quba rayonunun 8 ümumtəhsil məktəbinin VII–IX siniflərində təhsil alan ümumilikdə 64 nəfər qız şagird cəlb edilib.

Yarış Quba rayonu Bayram Şıxəmirov adına Zərdabi qəsəbə tam orta ümumtəhsil məktəbinin idman zalında keçirilib. Turnirin 1/4 final mərhələsində Zərdabi qəsəbə məktəbinin komandası Qəçrəş kənd məktəbini, Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin komandası Bağbanlı qəsəbə məktəbini, Quba şəhəri Hikmət Hüseynov adına 4 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseyin komandası Qaraçay qəsəbə məktəbini, Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin komandası isə İqriq kənd məktəbini 2:0 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıblar.

Yarımfinal mərhələsində Zərdabi qəsəbə tam orta məktəbinin komandası Hikmət Hüseynov adına 4 nömrəli məktəb-liseyi 2:0, Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin komandası isə Azad Məmmədov adına 2 nömrəli məktəb-liseyi 2:1 hesabı ilə məğlub edərək finala yüksəlib.

Final qarşılaşmasında Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin komandası Zərdabi qəsəbə tam orta məktəbinin voleybolçularını 2:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub. Bürünc mükafat uğrunda oyunda isə Azad Məmmədov adına 2 nömrəli məktəb-liseyin komandası Hikmət Hüseynov adına 4 nömrəli məktəb-liseyi 2:0 hesabı ilə məğlub edərək üçüncü yeri tutub.

Turnirin yekununda qalib və mükafatçılar kubok, medal və diplomlarla təltif olunublar.

Qeyd edək ki, “Pink Power Fest” qrant layihəsi Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin fiziki tərbiyə müəllimi Kamran Əlimərdanov tərəfindən Quba rayonunun müxtəlif məktəblərində icra olunur. Layihənin əsas məqsədi qız şagirdlər arasında sağlam həyat tərzinin təbliği və onların idmana cəlb edilməsinə dəstək göstərməkdir.