ABŞ Prezidenti Donald Tramp Rusiya ilə “New START” (Strateji Hücum Silahlarının Azaldılması) nüvə sazişinin uzadılması əvəzinə yeni və modernləşdirilmiş bir razılaşma üzərində işlənməli olduğunu bəyan edib.
Tramp bu barədə “Truth Social” platformasındakı paylaşımında açıqlama verərək, mövcud sazişi ABŞ üçün “pis müzakirə edilmiş və ciddi şəkildə pozulmuş” sənəd kimi qiymətləndirib. O bildirib ki, Amerikanın nüvə potensialı son illərdə əhəmiyyətli dərəcədə gücləndirilib və bu şəraitdə köhnə razılaşmanın uzadılması məqsədəuyğun deyil.
“ABŞ tərəfindən zəif şəkildə müzakirə edilmiş və dəfələrlə pozulmuş “New START” sazişini uzatmaq əvəzinə, nüvə üzrə mütəxəssislərimizi uzunmüddətli perspektivdə qüvvədə olacaq yeni, təkmilləşdirilmiş və modernləşdirilmiş bir razılaşma üzərində işləməyə cəlb etməliyik”, – deyə Tramp qeyd edib.
Ağ Evin sözçüsü Karolayn Livitt də mövzu ilə bağlı keçirdiyi brifinqdə ABŞ-ın bu məsələdə mövqeyini təsdiqləyib. Onun sözlərinə görə, Vaşinqton Rusiya ilə dialoqu davam etdirməyi və gələcək üçün yeni bir nüvə silahlarına nəzarət mexanizmi formalaşdırmağı planlaşdırır.
Qeyd edək ki, “New START” sazişi 2010-cu ildə imzalanıb və ABŞ ilə Rusiya arasında qüvvədə olan son nüvə silahlarına nəzarət razılaşması hesab olunur. Saziş uzaqmənzilli nüvə başlıqları və raketlərin sayına məhdudiyyətlər qoyur. Rusiya ötən il müddəti bitən öhdəliklərə əlavə olaraq bir il də əməl edəcəyini açıqlamışdı və bu müddət artıq başa çatıb.
SIPRI məlumatlarına əsasən, 2025-ci il etibarilə Rusiya 5 459, ABŞ isə 5 177 nüvə döyüş başlığına sahibdir. Çin isə 600-dən bir qədər artıq nüvə başlığı ilə üçüncü yerdə qərarlaşıb.