Tramp yeni doğulanlar üçün “Tramp hesabı” proqramını elan etdi

ABŞ Prezidenti Donald Tramp 2025–2028-ci illərdə doğulan uşaqlar üçün hər birinə 1000 dollar ayrılacaq “Tramp hesabı” maliyyə proqramını təqdim edib. Təşəbbüsə iri texnologiya şirkətləri dəstək verir.

69

ABŞ Prezidenti Donald Tramp 2025–2028-ci illər arasında doğulan amerikalı uşaqlar üçün nəzərdə tutulan “Tramp hesabı” adlı yeni maliyyə təşəbbüsünü ictimaiyyətə təqdim edib.

Vaşinqtonda keçirilən xüsusi sammitdə çıxış edən Tramp bildirib ki, proqramın əsas məqsədi maliyyə imkanları məhdud olan ailələrdə dünyaya gələn uşaqlara gələcək üçün real iqtisadi baza yaratmaqdır. Proqram çərçivəsində hər yeni doğulan ABŞ vətəndaşı üçün dövlət tərəfindən 1000 dollarlıq investisiya hesabı açılacaq.

Tramp vurğulayıb ki, bu hesablar uzunmüddətli perspektivdə əhəmiyyətli dərəcədə böyüyə bilər və uşaqlara həyata daha güclü başlanğıc imkanı yaradacaq. Onun sözlərinə görə, ilk dəfə olaraq hər yeni doğulan amerikalı uşaq gələcəkdə maliyyə payına sahib olacaq və “Amerikan arzusu”nu reallaşdırmaq üçün ədalətli şans əldə edəcək.

Prezident qeyd edib ki, bu təşəbbüs nəticəsində gənc amerikalıların ixtiyarına ümumilikdə 3–4 trilyon dollar həcmində sərvət yönəldilə bilər. Tramp proqramın ABŞ tarixində ən dönüşdürücü sosial-iqtisadi siyasət addımlarından biri kimi xatırlanacağına inandığını bildirib.

O, həmçinin müasir tarixdə əvvəlki administrasiyaların gələcək nəsillərə əsasən borc miras qoyduğunu iddia edərək deyib ki, hazırkı administrasiya dövründə uşaqlara real aktivlər və maliyyə azadlığına çıxış imkanı veriləcək.

Tramp proqramın rəsmi olaraq bu il iyulun 4-də qüvvəyə minəcəyini açıqlayıb. Onun sözlərinə görə, valideynlər həmin tarixdən etibarən uşaqları üçün açılmış hesabları aktivləşdirə biləcəklər və bu istiqamətdə bütün texniki hazırlıq işləri tamamlanıb.

Prezident əlavə edib ki, 50 ştatın hamısında fəaliyyət göstərən iş adamlarından təşəbbüsə könüllü maliyyə dəstəyi gözlənilir. Bu çərçivədə bir sıra iri şirkətlərin artıq proqramı dəstəklədiyi bildirilib.

Tramp, xüsusilə Dell Technologies” şirkətinin ABŞ-da 10 yaş və altında olan 25 milyon uşaq üçün investisiya hesablarına ümumilikdə 6,25 milyard dollar ianə etdiyini xatırladıb. O, eyni zamanda “Intel”, “Nvidia”, “Broadcom”, “IBM”, “Coinbase”, “Continental Resources” və “Comcast” kimi şirkətlərə də təşəkkür edib.

Qeyd edək ki, ötən ilin iyul ayında ABŞ-da qəbul edilən və geniş vergi endirimləri ilə yanaşı dövlət xərclərinin azaldılmasını nəzərdə tutan qanunvericilik paketinə “Tramp hesabı” proqramı da daxil edilib. Həmin sənədə əsasən, 2025-ci ilin əvvəlindən 2028-ci ilin sonunadək doğulan ABŞ vətəndaşlarının investisiya hesablarına 1000 dollarlıq federal qrant köçürüləcək.