Argentina futbolunda faciəli hadisə baş verib; 18 yaşlı futbolçu Abel Nunyes oyun zamanı başına top dəyməsi nəticəsində aldığı ağır zədədən üç gün sonra xəstəxanada həyatını itirib. Həkimlərin müdaxiləsinə və aparılan əməliyyata baxmayaraq, gənc futbolçunu xilas etmək mümkün olmayıb.
MSNews.az xəbər verir ki, hadisə noyabrın 12-də Argentina Futbol Assosiasiyasının (AFA) təşkil etdiyi gənclər turnirində “Eseyza” və “Deportivo Munyis” komandaları arasında keçirilən qarşılaşmada baş verib.
Argentinanın “Infobae” nəşrinin məlumatına görə, rəqib komandanın müdafiəçisi topu uzaqlaşdırmaq istəyərkən güclü zərbə endirib. Top birbaşa Abel Nunyesin başına dəyib və futbolçu huşunu itirərək meydançaya yıxılıb.
Hadisə Buenos-Ayres əyalətinin Xose K. Pas şəhərində yerləşən “La Sonia” idman kompleksində qeydə alınıb.
Meydanda gənc futbolçuya ilkin tibbi yardım göstərilib və o, təcili xəstəxanaya çatdırılıb. Vəziyyətinin ağırlığı səbəbindən Nunyes cərrahi əməliyyat olunub.
Hadisədən sonra qarşılaşma dərhal dayandırılıb. Həmin gün keçirilməsi nəzərdə tutulan digər gənclər matçı da ləğv edilib.
Lakin həkimlərin səylərinə baxmayaraq, futbolçunun vəziyyəti yaxşılaşmayıb. Abel Nunyes noyabrın 15-də, hadisədən üç gün sonra vəfat edib.
“Eseyza” klubu futbolçunun ölümünü sosial şəbəkə hesabında təsdiqləyərək ailəsinə və yaxınlarına başsağlığı verib.
Klubun açıqlamasında gənc futbolçunun böyük arzularının olduğu və onun itkisinin bütün komandanı dərindən sarsıtdığı bildirilib.
“Bu gün futbol ikinci plandadır. Arzularla dolu gənc komanda yoldaşımızla vidalaşmağın ağrısını yaşayırıq”, – deyə klubun bəyanatında qeyd olunub.
2008-ci il təvəllüdlü Abel Nunyes “Eseyza” klubunun gənclər komandasında 10 nömrəli formanı geyinirdi.
O, eyni zamanda “Nueva Estrella” klubunun ehtiyat futzal komandasında çıxış edirdi. Klub futbolçunun xatirəsinə ehtiram əlaməti olaraq noyabrın 15-nə planlaşdırılan idman tədbirlərini dayandırıb.
Gənc futbolçunun ölümü Argentina futbol ictimaiyyətində böyük kədərə səbəb olub. Bir sıra klublar və futbol qurumları ailəsinə başsağlığı mesajları ünvanlayıblar.