“Team Spirit” “Dota 2” üzrə “The International 2026” turnirinin finalında “TEAM VISION”-u məğlub edərək yarışın tarixində üç dəfə çempion olan ilk komanda kimi rekorda imza atıb.
MSNews.az xəbər verir ki, Şanxayın “Oriental Sports Center” arenasında keçirilən final beş xəritəyə qədər uzanıb. “Team Spirit” həlledici qarşılaşmada “TEAM VISION” üzərində 3:2 hesablı qələbə qazanaraq üçüncü “Aegis of Champions” kubokuna sahib çıxıb. “Insider Gaming” finalın beş oyunluq seriya ilə başa çatdığını bildirir.
“Team Spirit” daha əvvəl 2021 və 2023-cü illərdə də “The International”ın qalibi olmuşdu. Bununla da komanda əvvəlki ikiqat çempionları geridə qoyaraq turnirin ilk üçqat qalibi olub. Komandanın “Yatoro” və “Collapse” ləqəbli oyunçuları da üç dəfə “Aegis” qazanan ilk Dota 2 oyunçularına çevriliblər. “GosuGamers” bunu Dota 2 tarixində yeni rekord kimi qiymətləndirir.
Qalib komandanın mükafatı təxminən 1,4 milyon dollar təşkil edib. Turnirin mükafat fondu “Compendium” satışları hesabına dəyişdiyindən müxtəlif mənbələrdə yekun məbləğ bir qədər fərqli göstərilir. “BLAST” turnirin mükafat fondunun 3,1 milyon dollardan çox olduğunu göstərir.
Turnirin ilk dörd pilləsinin eyni regionun komandaları tərəfindən tutulması da diqqət çəkib. “Team Spirit”, “TEAM VISION”, “Team Yandex” və “BoomBoys” Şərqi Avropa regionunu təmsil edən kollektivlərdir. “Escorenews” bildirir ki, “The International” tarixində ilk dəfə bütün TOP-4 Şərqi Avropa komandalarından ibarət olub. Komandaların heyətlərində rusiyalı oyunçular üstünlük təşkil etsə də, onları bütövlükdə “dörd Rusiya komandası” adlandırmaq dəqiq deyil.