“Real Madrid” prezidenti Florentino Peres “Santyaqo Bernabeu”da “Oviedo” ilə oyun zamanı azarkeşlərin etirazı ilə üzləşib. İspaniyanın “Diario AS” nəşrinin məlumatına görə, matç “Real Madrid” ətrafında gərgin atmosferdə keçib: fanatlar futbolçuları fitə basıb, tribunada isə “Florentino, get artıq!” məzmunlu banner açılıb. Banner qısa müddət sonra stadion təhlükəsizlik əməkdaşları tərəfindən yığışdırılıb.
Nəşr yazır ki, oyun öncəsi isinmə hərəkətləri zamanı azarkeşlərin bir hissəsi Tibo Kurtua, Kilian Mbappe, Vinisius Junior və digər futbolçulara etiraz edib. Matç başladıqdan sonra isə fit səsləri əsasən Vinisiusa yönəlib. Yayım kameraları Peresin lojada aşağı sektordakı azarkeşlərlə mübahisə etdiyi anları da göstərib.
Hadisə “Real Madrid”də titulsuz mövsüm, komanda daxilindəki gərginliklər və Peresin növbədənkənar prezident seçkiləri elan etməsi fonunda baş verib.
Peres daha əvvəl azarkeşlərin futbolçuları fitə basmasına da sərt münasibət bildirmişdi. O, “Real Madrid” socioslarının öz oyunçularını tənqid etmək və fitə basmaq əvəzinə onları dəstəkləməli olduğunu deyib. Peresin sözlərinə görə, “öz futbolçularını fitə basmaq öz övladlarını fitə basmaq kimidir”.
Klub prezidenti eyni zamanda ona qarşı səslənən “Florentino, get!” çağırışlarına cavab olaraq bildirib ki, narazı olanlar seçkidə öz namizədlərini irəli sürməli və ona meydan oxumalıdırlar. Peres “Real Madrid”i qorumağın onun borcu olduğunu vurğulayıb.