ABŞ Ədliyyə Nazirliyinin Ceffri Epşteyn istintaqına aid geniş sənədlər toplusunu ictimaiyyətə açıqlamasından sonra yeni bir foto dünyada geniş müzakirə mövzusuna çevrilib.
Paylaşılan arxiv materiallarda 2015‑ci ildə Palo Alto şəhərində keçirilmiş bir axşam yeməyində texnologiya sektorunun tanınmış adları ilə Epşteynın eyni masada olduğu məlum olub.
Məlumata görə, sözügedən tədbir LinkedIn qurucusu Reid Hoffman tərəfindən MIT‑in tanınmış alimi Ed Boyden şərəfinə təşkil edilib və bu görüşdə Meta CEO‑su Mark Zukerberq, “Tesla” və “SpaceX” rəhbəri İlon Mask, “Palantir” şirkətinin qurucusu Peter Til və digər sənaye liderləri də iştirak edib. Epşteyn e‑poçt yazışmasında bu axşam yeməyini “çılğın” kimi təsvir etmişdi.
Fotoya baxan hüquq ekspertləri bu cür şəkillərin təkbaşına cinayət sübutu hesab edilməyəcəyini vurğulayır, lakin həmin dövrdə yüksək səviyyəli şəxslərin bir şəbəkədə necə əlaqələndiklərini göstərdiyini bildirirlər.
Əvvəllər adı çəkilən şəxslər Epşteynlə əlaqələrinə dair bəyanatlar veriblər: Zukerberq nümayəndələri onunla yalnız bir dəfə, həmin yemək zamanı qarşılaşdığını və sonra əlaqənin olmadığını deyib, Mask isə Epşteyni şəxsən tanımadığını və onun partiyalarına qatılmadığını iddia edib. Peter Til tərəfdən isə hələ rəsmi cavab verilməyib.
Bu foto və əlaqədar sənədlər, minlərlə səhifəlik istintaq materiallarının yayımlanmasından sonra Epşteynın həyatında və əlaqələrində yeni detalları ortaya çıxarmaqda davam edir və beynəlxalq mediada geniş rezonans doğurur.