Yəməndə separatçı liderin taleyi cənub böhranını dərinləşdirir

Yəməndə cənub separatçılarının lideri Aidarus əz-Zübeydinin taleyi ölkənin cənubunda böhranı dərinləşdirib, bu proses Səudiyyə Ərəbistanı ilə BƏƏ arasında gərginliyi artıraraq husilərə qarşı koalisiyada parçalanmanı üzə çıxarıb.

21

Yəmənin cənubundakı separatçı qüvvələrin lideri Aidarus əz-Zübeydinin taleyi ölkənin cənubunda yaşanan böhranı daha da dərinləşdirib, bu proses Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirlikləri arasında davam edən gərginliyi yenidən gündəmə gətirib.

“Reuters” agentliyinin məlumatına görə, BƏƏ-nin dəstəklədiyi Cənub Keçid Şurasının rəhbəri olan əz-Zübeydi böhranla bağlı danışıqlar üçün Ər-Riyada planlaşdırılan uçuşa qatılmayıb və bu, regionun iki əsas gücü arasında ciddi fikir ayrılığını üzə çıxarıb. Separatçı qurum çərşənbə günü yaydığı açıqlamada əz-Zübeydinin Ədən liman şəhərində olduğunu və hərbi, təhlükəsizlik əməliyyatlarına nəzarət etdiyini bildirsə də, təşkilatın Ər-Riyadda olan nümayəndə heyəti ilə əlaqənin kəsildiyini açıqlayıb. CKŞ rəsmisi “Reuters”-ə bildirib ki, əz-Zübeydi qaçmayıb, təhlükəsiz bir yerdə Ədən şəhərindədir və mövcud təhlükəsizlik şəraiti fonunda onun Ər-Riyada getməsi məqsədəuyğun sayılmayıb, eyni zamanda, siyasi nümayəndə heyətinin təhlükəsizliyinə görə məsuliyyətin hazırda Səudiyyə tərəfinin üzərində olduğu vurğulanıb. Səudiyyə dövlət televiziyası isə Səudiyyə tərəfindən dəstəklənən Yəmən hökumət qüvvələrinin Ədən istiqamətində irəlilədiyini bildirib, “Reuters” isə əz-Zübeydinin dəqiq harada olduğunu müstəqil şəkildə təsdiqləyə bilmədiyini qeyd edib.

Bu dramatik hadisələr Yəmənin cənubunda son iğtişaşların tezliklə həll olunacağına dair ümidləri azaldıb və İranla müttəfiq husilərə qarşı on ildən artıqdır davam edən vətəndaş müharibəsi fonunda qurulmuş koalisiyanın daxilində dərin çatları üzə çıxarıb. ABŞ-ın yaxın müttəfiqləri olan və dünyanın əsas neft istehsalçıları sırasında yer alan Səudiyyə Ərəbistanı ilə BƏƏ illərdir Sudan, enerji siyasəti və regional təhlükəsizlik kimi məsələlərdə fərqli mövqelər sərgiləyir və Yəməndə baş verən son böhran bu ziddiyyətləri açıq şəkildə üzə çıxarıb. BƏƏ-nin Yaxın Şərq və Afrikada öz təsir dairəsini formalaşdırmağa yönəlmiş daha aqressiv xarici siyasəti və siyasi islamı mövcudluq üçün təhlükə kimi qiymətləndirməsi də bu qarşıdurmanın əsas fonunu təşkil edir.

Daha əvvəl Səudiyyə tərəfindən dəstəklənən koalisiyanın sözçüsü Turki əl-Maliki BƏƏ-nin dəstəklədiyi əz-Zübeydinin yoxa çıxması ilə bağlı açıqlama verərək, separatçı liderin uçuşdan əvvəl böyük qüvvələri hərəkətə keçirdiyinə dair məlumatlar olduğunu bildirib. Maliki əz-Zübeydini Ədən şəhərində iğtişaş yaratmaq məqsədilə onlarla qrupa silah və sursat paylamaqda ittiham edib və Cənub Keçid Şurasının vitse-prezidenti Əbdülrəhman əl-Məhramini, tanınmış adı ilə Əbu Zəraanı təhlükəsizliyi təmin etməyə, toqquşmaların qarşısını almağa və mülki əhalini qorumağa çağırıb. Yəmənin Səudiyyə tərəfindən dəstəklənən Prezident Rəhbərlik Şurası isə dövlətin SABA agentliyi vasitəsilə yaydığı bəyanatda nəqliyyat naziri Əbdül Salam Humeydi və planlaşdırma naziri Vaed Bədhibin vəzifədən azad edildiyini açıqlayıb.