Yəmən hökuməti Hadramaut vilayətində tam nəzarəti bərpa etdiyini açıqladı

Yəmən hökuməti Hadramaut vilayətinin bütün ərazisində dövlət nəzarətinin bərpa edildiyini və Cənub Keçid Şurasına bağlı qüvvələrin bölgədən çıxarıldığını bəyan edib.

39

Yəmən hökuməti ölkənin şərqində yerləşən Hadramaut vilayətinin bütün ərazisində dövlət nəzarətinin tam bərpa olunduğunu və Cənub Keçid Şurasına (CKŞ) bağlı qüvvələrin bölgədən çıxarıldığını bəyan edib.

Hadramaut valisi və eyni zamanda hökumətə bağlı “Vətən Qalxanı” qüvvələrinin komandanı Salim əl-Xanbəşi bildirib ki, vilayətin şərqində yerləşən bütün rayonlarda nəzarət yenidən təmin olunub. O, Seyun Beynəlxalq Hava Limanına çatdıqdan sonra verdiyi açıqlamada CKŞ qüvvələrinin Hadramautu tərk etdiyini və ictimai xidmətlərin normal fəaliyyətə qaytarılması üçün işlərə başlanıldığını qeyd edib.

Yəmən dövlət televiziyası “Yemen TV” isə hökumətə bağlı “Vətən Qalxanı” qüvvələrinin Hadramaut vilayətinin mərkəzi sayılan Mukalla şəhərinə daxil olduğunu açıqlayıb.

“Seyundan Hadramautu idarə etməyə başlayırıq”, – deyə Salim əl-Xanbəşi vurğulayıb və hökumət qüvvələrini tək qoyduğu və ya qarşı tərəfə dəstək verdiyi iddia edilən təhlükəsizlik rəsmiləri barədə “qətiyyətli addımların” atılacağını bildirib.

Qeyd edək ki, Hadramaut vilayəti inzibati baxımdan iki hissəyə bölünür. Sahil zonalarını əhatə edən hissənin ən böyük şəhəri Mukalla, vadi və səhralıq bölgənin mərkəzi isə Seyun hesab olunur.

Xatırladaq ki, dekabr ayının əvvəlində BƏƏ-nin dəstəklədiyi separatçı Cənub Keçid Şurasına bağlı qüvvələr Yəmənin şərq vilayətlərində hərbi əməliyyatlar keçirərək mövqelərini genişləndirmişdi.

30 dekabr tarixində Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası BƏƏ-dən gələn hərbi texnikanı hədəfə almışdı. Bunun ardınca Yəmən hökuməti ölkədə hərbi kontingenti olan BƏƏ ilə imzalanmış birgə müdafiə sazişini ləğv etdiyini açıqlamışdı.

Ər-Riyad administrasiyası isə Yəmən hökumətinin tələbi ilə BƏƏ-dən bu ölkədəki qüvvələrini 24 saat ərzində geri çəkməsini istəmişdi. Gərginlik fonunda BƏƏ Yəməndə fəaliyyət göstərən “terrorla mübarizə” bölmələrini öz təşəbbüsü ilə ləğv etdiyini bəyan edib.

CKŞ qüvvələrinin dekabr ayında ələ keçirdiyi Hadramautdakı hərbi mövqelər isə 2 yanvar tarixində hava zərbələri ilə vurulub. CKŞ bu hücumların Səudiyyə Ərəbistanı tərəfindən həyata keçirildiyini iddia edərək “müstəqillik üçün” iki illik keçid dövrü elan edib.