Venesuelada ABŞ-ın 3 yanvarda həyata keçirdiyi hərbi müdaxilədən sonra ölkə üzrə etirazlar davam edir. Paytaxt Karakasın tarixi Bolivar Meydanında toplaşan minlərlə insan ABŞ-a etiraz edərək, ölkə prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin azadlığa buraxılması və ölkəyə geri qaytarılmasını tələb edir.
Meydanda çıxış edən prezidentin oğlu, millət vəkili Nikolas Maduro Guerra ABŞ-ın 3 yanvar hücumunun ölkənin yaddaşında “silinməz iz” buraxdığını bildirib və həmin günü heç vaxt unutmayacaqlarını vurğulayıb. O, Venesuelanın diplomatiya və sülh çağırışlarından vaz keçməyəcəyini, ölkəni sülhə, gələcəyə və rifaha doğru gücləndirməyə davam edəcəklərini deyib. Maduro Guerra etirazçılara təşəkkür edərək, atası və Siliya Flores azad edilənədək mübarizəni davam etdirməyə çağırıb.
Karakasın bir sıra simvolik nöqtələrində Maduronun iri ölçülü fotoşəkilləri asılıb, divarlarda “Maduroya azadlıq”, “Səni yenidən aramızda görmək istəyirik” və “Dirən, Maduro” kimi şüarlar diqqət çəkir. Prezident Sarayı Miraflores başda olmaqla strateji ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirilib, hərbçilər və polis əməkdaşları nəqliyyat vasitələrini saxlayaraq şəxsiyyət yoxlamaları aparır.
3 yanvar hadisələrindən sonra qısa müddətlik xaos yaşayan, mağaza rəflərinin boşaldığı ölkədə gündəlik həyatın əsasən normallaşdığı müşahidə olunur. Müxalif dairələrdən səslər az eşidilsə də, müvəqqəti dövlət başçısı Delsi Rodrigezin iqtisadiyyatı canlandırmağa yönəlik açıqlamaları diqqətlə izlənir.
Vətəndaşlar ABŞ-ın əsl məqsədinin Venesuelanın zəngin neft ehtiyatları olduğunu bildirir və ABŞ Prezidenti Donald Trampın açıqlamalarının bu niyyəti açıq göstərdiyini deyirlər. Karakas sakini Hilda Lopez seçilmiş prezidentin Nikolas Maduro olduğunu vurğulayaraq, problemlərin ola biləcəyini, lakin onların xarici müdaxilə ilə deyil, venesuelalılar tərəfindən həll edilməli olduğunu söyləyib. Digər sakin Xose Antonio Mendoza isə 3 yanvar hücumunun ABŞ-ın maraqlarını açıq ortaya qoyduğunu bildirərək, prezident və onun həyat yoldaşının azadlığa buraxılacağına ümid etdiklərini deyib.