Türkiyənin İzmir vilayətində Menderes bələdiyyəsinə qarşı aparılan korrupsiya istintaqı çərçivəsində ikinci əməliyyat keçirilib. Keçmiş bələdiyyə sədri vəzifəsini icra edən Erkan Özkan da daxil olmaqla 9 nəfər saxlanılıb.
MSNews.az xəbər verir ki, sentyabrın 23-də keçirilən əməliyyat İzmir Baş Prokurorluğunun koordinasiyası ilə həyata keçirilib. “Demirören Haber Ajansı”nın məlumatına görə, şübhəlilər rüşvət alma, vəzifə səlahiyyətlərindən istifadə edərək hədə-qorxu ilə pul tələb etmə və cinayətkar təşkilata yardım göstərmə ilə bağlı araşdırma çərçivəsində saxlanılıblar.
Prokurorluğun açıqlamasına əsasən, istintaq zamanı şikayətçi və şahid ifadələri, həmçinin Maliyyə Cinayətlərinin Araşdırılması Xidmətinin (MASAK) məlumatları təhlil edilib. Aparılan araşdırmalar nəticəsində daha 9 nəfər şübhəli şəxs qismində müəyyənləşdirilib.
Qeyd edək ki, avqustun 4-də keçirilən ilk əməliyyat zamanı Menderes bələdiyyəsinin sədri İlkay Çiçək də daxil olmaqla 16 nəfər saxlanılıb. Avqustun 7-də Çiçək və daha 9 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, digər 6 nəfər isə məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb.
İlkay Çiçək avqustun 8-də vəzifəsindən uzaqlaşdırılıb. Avqustun 17-də bələdiyyə şurasında keçirilən səsvermə nəticəsində hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) üzvü Asuman Şen bələdiyyə sədrinin səlahiyyətlərini icra edən şəxs seçilib.
Menderes bələdiyyəsi ilə bağlı istintaq davam edir. Saxlanılan şəxslərə qarşı irəli sürülən ittihamlar üzrə yekun məhkəmə qərarı verilməyib.