Türkiyə İsraili COP31 sammitinə dəvət etmədi – Ankaradan qəti qərar

Türkiyə Antalyada keçirilən COP31 iqlim konfransının liderlər sammitinə İsrail hökumətini dəvət etməyib. COP31-in sədri, nazir Murat Kurum qərarı açıqlayaraq Ankaranın İsrailə münasibətinin dəyişməyəcəyini bildirib. İsrail BMT çərçivəsindəki rəsmi danışıqlarda iştirak hüququnu saxlayır.

19

Türkiyə Antalyada keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə 31-ci Tərəflər Konfransı (COP31) çərçivəsində təşkil olunan liderlər sammitinə İsrail hökumətini dəvət etməyib. Ankara bu qərarın İsrailə münasibətdə mövcud siyasi mövqeyi ilə əlaqəli olduğunu açıqlayıb.

MSNews.az xəbər verir ki, bu barədə COP31-in sədri, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum noyabrın 9-da NTV telekanalının canlı efirində bildirib.

“TRT Haber” və “APA” agentliyinin məlumatına görə, nazir İsrail nümayəndələrinin konfransda iştirak edib-etməyəcəyi ilə bağlı suala cavab verərkən liderlər sammitinə dəvətlərin ev sahibi ölkə tərəfindən göndərildiyini xatırladıb.

“Tədbir çərçivəsində liderlərə dəvətləri ev sahibi ölkə göndərir. Bu işi Türkiyə həyata keçirir. Biz liderlər sammitinə İsrail hökumətini dəvət etməmişik”, – deyə Kurum açıqlayıb.

Bununla yanaşı, nazir vurğulayıb ki, İsrailin liderlər sammitinə dəvət edilməməsi onun BMT çərçivəsində keçirilən rəsmi iqlim danışıqlarında iştirak hüququnu aradan qaldırmır.

Kurumun sözlərinə görə, BMT-nin təşkil etdiyi danışıqlarda iştirak etmək, mövqelərini bildirmək və layihələrini təqdim etmək bütün müvafiq ölkələrin hüququdur.

“BMT-nin təşkil etdiyi tədbirlərə dünya ölkələri dəvət olunur. Lakin ev sahibi ölkə olaraq biz İsrailə liderlər sammiti üçün dəvət göndərməmişik”, – deyə o bildirib.

Türkiyəli nazir qərarı Qəzzadakı vəziyyətlə əlaqələndirərək iqlim ədalətinin sülhdən ayrı nəzərdən keçirilə bilməyəcəyini vurğulayıb.

“Biz burada iqlimi, iqlim ədalətini müzakirə edəcəyik. Sülhün hökm sürmədiyi yerdə iqlim ədaləti də ola bilməz. Buna görə də bu konfrans Türkiyənin İsrail dövlətinə və hökumətinə münasibətini dəyişməyəcək”, – deyə Kurum qeyd edib.

Nazir Türkiyənin Qəzzadakı hadisələrə COP31 çərçivəsində də diqqət çəkəcəyini açıqlayıb. Onun sözlərinə görə, konfransın ən böyük, 6250 nəfərlik zalına “Qəzza” adı verilib.

Həmin məkanda Qəzzalı uşaqların yaşadıqlarını əks etdirən rəsm sərgilərinin, eləcə də fələstinli rəssamların müharibə və humanitar böhran mövzusunda əsərlərinin nümayişi nəzərdə tutulub.

“The National” nəşri yazır ki, Türkiyənin qərarı noyabrın 9-da Antalyada başlayan beynəlxalq iqlim konfransının ilk günündə açıqlanıb.

Kurum COP31-ə 102 dövlət və hökumət başçısının, eləcə də 330 nazirin iştirak üçün qeydiyyatdan keçdiyini bildirib. Konfransa ümumilikdə 100 mindən çox ziyarətçinin gəlməsi gözlənilir.

Türkiyə rəsmiləri COP31-in əsas hədəflərindən birinin əvvəlki iqlim sammitlərində qəbul edilmiş qərarların praktiki icrasını sürətləndirmək olduğunu vurğulayırlar.

Qeyd edək ki, Türkiyənin qərarı yalnız ev sahibi ölkənin təşkil etdiyi liderlər sammitinə dəvətlə bağlıdır. İsrailin COP31-in BMT himayəsində keçirilən rəsmi danışıqlarından tamamilə kənarlaşdırılması barədə qərar qəbul edilməyib.

 

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.