ABŞ Milli Kəşfiyyat direktoru Tulsi Qabbard Prezident Donald Tramp administrasiyasındakı vəzifəsindən istefa verdiyini açıqlayıb. Onun istefası 30 iyun 2026-cı il tarixindən qüvvəyə minəcək. Qabbard qərarını həyat yoldaşı Abraham Uilyamsın nadir sümük xərçəngi diaqnozu alması ilə izah edib.
MSNews.az xəbəri “Associated Press”-ə istinadən təqdim edir.
Qabbard “X” hesabında yaydığı məktubda son ilyarım ərzində ABŞ kəşfiyyat icmasına rəhbərlik etmək imkanına görə Trampa təşəkkür edib və ailəsinin yanında olmaq üçün vəzifədən ayrıldığını bildirib. “Reuters” yazır ki, Qabbard istefa qərarını Oval kabinetdə Trampa şəxsən çatdırıb. (Reuters)
Donald Tramp Qabbardın qərarına dəstək verdiyini bildirib və onun “yaxşı iş gördüyünü” qeyd edib. ABŞ Prezidenti Milli Kəşfiyyat direktorunun əsas müavini Aaron Lukasın müvəqqəti olaraq bu vəzifəni icra edəcəyini açıqlayıb.
Qabbardın istefası ABŞ administrasiyasında yüksək səviyyəli növbəti kadr dəyişikliyi kimi qiymətləndirilir. Bu, Trampın ikinci prezidentlik dövründə kabinet səviyyəsində dördüncü istefadır. Onun fəaliyyəti dövründə kəşfiyyat sistemində kadr ixtisarları, struktur dəyişiklikləri və İranla bağlı fikir ayrılıqları ciddi müzakirələrə səbəb olmuşdu.
Bəzi ABŞ mediası istefanın yalnız şəxsi səbəblərlə bağlı olmadığını da iddia edir. Qabbardın administrasiya daxilindən getməyə məcbur edilmiş ola biləcəyi ehtimalı da müzakirə olunur. Bununla belə, Qabbard özü istefa məktubunda əsas səbəb kimi həyat yoldaşının sağlamlıq durumunu göstərib.
Qeyd edək ki, Tulsi Qabbard ABŞ Konqresinin keçmiş üzvü, hərbi veteran və Donald Trampın 2024-cü il seçki kampaniyasının açıq dəstəkçilərindən biri olub. O, Trampın qələbəsindən sonra Milli Kəşfiyyat direktoru vəzifəsinə gətirilmişdi.