Trampın malikanəsi raket sistemləri ilə qorunur

ABŞ Prezidenti Donald Trampın Floridadakı Mar-a-Laqo malikanəsinin ətrafında Avenger hava hücumundan müdafiə sistemləri yerləşdirilib. Gizli Xidmət təhlükəsizlik tədbirlərinin artan təhdidlər fonunda gücləndirildiyini açıqlayıb.

59

ABŞ Prezidenti Donald Trampın Floridadakı Mar-a-Laqo malikanəsi ətrafında hava hücumundan müdafiə sistemləri yerləşdirilib. Təhlükəsizlik tədbirləri çərçivəsində prezidentin iqamətgahı yaxınlığındakı üzən platformaya Avenger raket kompleksləri gətirilib.

MSNews.az xəbər verir ki, bu barədə Amerikanın “NBC 6 South Florida” telekanalı və “The War Zone” nəşri məlumat yayıb.

Məlumata görə, “AN/TWQ-1 Avenger” qısamənzilli hava hücumundan müdafiə sistemləri Mar-a-Laqo yaxınlığında yerləşən barjaya, eləcə də Palm-Biçdəki Donald Tramp Beynəlxalq Hava Limanının ərazisinə yerləşdirilib.

Komplekslər pilotsuz uçuş aparatlarına, helikopterlərə və alçaq hündürlükdə uçan təyyarələrə qarşı müdafiə üçün nəzərdə tutulub.

ABŞ Gizli Xidməti əlavə təhlükəsizlik tədbirlərinin gücləndirildiyini təsdiqləyib.

“ABŞ Gizli Xidməti yüksək təhdid səviyyəsi şəraitində fəaliyyət göstərir. Mühafizə etdiyimiz şəxslərin təhlükəsizliyini təmin etmək üçün qabaqcıl texnologiyalardan və müasir metodlardan istifadə edərək müdafiə tədbirlərimizi daim təkmilləşdiririk”, – deyə qurumdan bildirilib.

Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) və ABŞ Şimal Komandanlığı da sistemlərin Gizli Xidmətin müraciəti əsasında yerləşdirildiyini təsdiqləyib.

Bununla yanaşı, Trampın Mar-a-Laqoda olduğu müddətdə ətraf hava məkanına uçuş məhdudiyyətləri tətbiq olunur. 2025-ci ilin yanvarından bəri bu ərazidə uçuş məhdudiyyətlərini pozan 60-dan çox təyyarənin qarşısı hərbi qırıcılar tərəfindən alınıb.

“Axios” nəşrinin iyul ayında yaydığı məlumata əsasən, Gizli Xidmətin mühafizə etdiyi şəxslərə qarşı təhdidlərlə bağlı araşdırmaların sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 40 faiz artıb.

Bununla belə, ABŞ rəsmiləri raket sistemlərinin yerləşdirilməsinə konkret hücum təhlükəsinin səbəb olduğunu təsdiqləməyiblər. Müdafiə komplekslərinin ərazidə nə qədər saxlanılacağı da açıqlanmayıb.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.