ABŞ Prezidenti Donald Tramp Kanadanın Qəzzada müharibəni dayandırmaq və yenidənqurma prosesini idarə etmək məqsədi ilə yaradılan “Sülh Şurası”na üzvlüyü ilə bağlı dəvətin geri çəkildiyini açıqlayıb.
O, bu barədə ABŞ mərkəzli “Truth Social” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Tramp Kanadanın Baş naziri Mark Karniyə ünvanladığı məktubda bildirib ki, “bu yazı Sülh Şurasının indiyə qədər yaradılmış ən nüfuzlu Liderlər Şurasına Kanadanın üzv olması ilə bağlı dəvətin geri çəkildiyini bildirmək məqsədi daşıyır” və Kanadanın göstərdiyi marağa görə təşəkkür edib.
Qərar Mark Karninin Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində etdiyi çıxışlardan sonra verilib. Karni çıxışında dünyanın “keçid dövründə deyil, qopuş mərhələsində” olduğunu, son 20 ildə maliyyə, səhiyyə və geosiyasi böhranların “həddindən artıq qlobal inteqrasiyanın riskləri”nin nəticəsi olduğunu bildirmişdi. O, qaydalara əsaslanan beynəlxalq nizamın çox vaxt ən güclülərin maraqlarına uyğun tətbiq edildiyini və beynəlxalq hüququn tərəflərin kimliyindən asılı olaraq fərqli şəkildə icra olunduğunu vurğulamışdı.
Tramp isə həmin çıxışdan sonra Kanadanın ABŞ-la münasibətlərdən “pulsuz üstünlüklər” əldə etdiyini və buna görə Vaşinqtona minnətdar olmalı olduğunu demişdi. Digər tərəfdən, Kanadanın maliyyə naziri Fransua-Filip Şampan 20 yanvar tarixində Sülh Şurasına üzvlük üçün 1 milyard dollar ödəniş tələb edildiyi iddialarını təkzib edərək, Kanada hökumətinin bu quruma üzvlük üçün heç bir ödəniş etməyəcəyini açıqlamışdı.
Qeyd edək ki, Qəzza üçün yaradılan “Sülh Şurası” BMT Təhlükəsizlik Şurasının 17 noyabr 2025-ci il tarixli qərarı əsasında formalaşdırılıb və ABŞ Prezidenti Donald Trampın 29 sentyabr 2025-ci ildə elan etdiyi Qəzza münaqişəsinin sona çatdırılması üzrə plan çərçivəsində təsis olunub. Şuranın sədri Donald Trampdır və qurum “Sülh Şurası”, “Sülh İdarə Heyəti” və “Qəzza İdarə Heyəti” olmaqla üç əsas struktura bölünür.