ABŞ Prezidenti Donald Tramp İsraildə oktyabrın 27-də keçiriləcək parlament seçkiləri ərəfəsində Baş nazir Benyamin Netanyahuya açıq siyasi dəstəyini elan edib. Ağ Ev rəhbəri Netanyahunu İrana qarşı mübarizədə əsas tərəfdaşlarından biri adlandıraraq onun hakimiyyətdən getməsinin ABŞ-İsrail əməkdaşlığına təsir göstərə biləcəyinə işarə edib.
MSNews.az xəbər verir ki, Tramp oktyabrın 18-də “Truth Social” platformasında paylaşım edərək israilli baş nazirin yenidən hakimiyyətə gəlməsini dəstəklədiyini bildirib.
“Reuters” agentliyinin məlumatına görə, ABŞ Prezidenti Netanyahunu güclü lider kimi təqdim edib və onun İranla bağlı siyasətini yüksək qiymətləndirib.
ABŞ lideri Netanyahunun hakimiyyətdə qalmasının Vaşinqtonun Yaxın Şərqdəki təhlükəsizlik siyasəti baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Trampın ən diqqətçəkən açıqlamalarından biri isə Netanyahunun seçkilərdə məğlub olacağı təqdirdə ABŞ-nin İranla təkbaşına mübarizə aparmalı ola biləcəyi barədə xəbərdarlığı olub.
İsrailin “The Jerusalem Post” nəşrinin məlumatına görə, Tramp alternativ İsrail rəhbərliyinin İranla qarşıdurmada Vaşinqtona indiki səviyyədə dəstək verməyə biləcəyini irəli sürüb.
Trampın seçki kampaniyasına açıq şəkildə qoşulması ABŞ-İsrail münasibətlərində qeyri-adi siyasi addım kimi qiymətləndirilir.
“Axios” nəşri yazır ki, bu, ABŞ-İsrail münasibətləri tarixində fəaliyyətdə olan ABŞ prezidentinin İsrail seçkilərində konkret namizədi ilk dəfə açıq şəkildə dəstəkləməsidir.
Tərəflər arasında İranla müharibə, Qəzzadakı vəziyyət və İsrailin regiondakı hərbi əməliyyatlarının gələcək istiqamətləri ilə bağlı fikir ayrılıqları yaranmışdı.
ABŞ Prezidenti daha əvvəl Netanyahu hökumətinin bəzi qərarlarından narazılığını ifadə etmiş, xüsusilə diplomatik təşəbbüslərin nəticə verməməsi ilə bağlı tənqidi açıqlamalar səsləndirmişdi.
Buna baxmayaraq, seçkilərə doqquz gün qalmış Tramp mövqeyini dəyişərək İsrail Baş nazirinin siyasi kampaniyasına açıq dəstək nümayiş etdirib.
ABŞ administrasiyasında isə bu məsələyə münasibət birmənalı deyil. “Associated Press” agentliyinin məlumatına görə, ABŞ-nin vitse-prezidenti Cey Di Vens Netanyahuya dəstək verməkdən imtina edərək hazırda diqqətini ABŞ-da keçiriləcək aralıq seçkilərə yönəltdiyini bildirib.
İsrail daxilində də Trampın açıqlaması müzakirələrə səbəb olub. Bəzi siyasi şərhçilər xarici dövlət rəhbərinin seçki kampaniyasına açıq dəstəyini ölkənin daxili siyasi proseslərinə müdaxilə kimi qiymətləndiriblər.
İsrailin “The Jerusalem Post” nəşrinin yazdığına görə, Netanyahunun seçki qərargahı Trampın dəstəyindən dərhal sonra ABŞ Prezidentinin İsrail Baş naziri haqqında müsbət fikirlərini əks etdirən təşviqat videosu yayımlayıb.
Oktyabrın 27-nə təyin edilmiş seçkilər 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan və bunun ardınca başlayan regional hərbi qarşıdurmalardan sonra keçiriləcək ilk parlament seçkiləridir.
Trampın Netanyahuya açıq dəstəyi ABŞ-İsrail münasibətlərində İran amilinin əhəmiyyətini bir daha ön plana çıxarıb. Bunun İsraildəki seçici davranışına necə təsir edəcəyi isə hələlik məlum deyil.