Tramp: “İran nüvə proqramını yenidən başlatmağa çalışır”

ABŞ Prezidenti Donald Tramp hava zərbələrindən sonra İranın nüvə proqramını yenidən bərpa etməyə cəhd göstərdiyini iddia edib. Maskat danışıqları 6 fevralda keçiriləcək.

72

ABŞ Prezidenti Donald Tramp hava zərbələrindən sonra İranın nüvə proqramını yenidən başlatmağa çalışdığını iddia edib.

Tramp cümə günü Omanın paytaxtı Maskatda İranla keçirilməsi gözlənilən danışıqlar ərəfəsində “NBC News” telekanalına verdiyi müsahibədə bildirib ki, ABŞ ordusunun vurduğu nüvə obyektlərinə İranın geri dönə bilmədiyi barədə məlumatları var, lakin Tehran ölkənin başqa bir bölgəsində yeni nüvə təsisi qurmağı nəzərdən keçirir.

ABŞ prezidenti bu planlardan xəbərdar olduqlarını vurğulayaraq, “Bunu öyrəndik və onlara dedim ki, əgər bunu etsəniz, çox ağır nəticələri olacaq”, – deyə qeyd edib.

ABŞ və onun əsas müttəfiqi İsrail İranı nüvə silahı hazırlamaqda ittiham edir, İran isə nüvə proqramının elektrik enerjisi istehsalı da daxil olmaqla yalnız dinc məqsədlər daşıdığını bildirir. Ağ Ev rəsmisi açıqlamasında İranla danışıqların 6 fevral cümə günü Omanın paytaxtı Maskatda keçiriləcəyini təsdiqləyib. ABŞ Dövlət katibi Marko Rubio isə bəyan edib ki, İranla aparılacaq danışıqların real nəticə verməsi üçün bir sıra əsas mövzular mütləq gündəmdə olmalıdır və bu mövzulara ballistik raketlərin mənzili, regiondakı terror qruplarına verilən dəstək, nüvə proqramı və İran hakimiyyətinin öz xalqına münasibəti daxildir.

Xatırladaq ki, İsrail 13 iyun 2025-ci ildə İranla ABŞ arasında nüvə danışıqları davam etdiyi bir vaxtda İranın müxtəlif şəhərlərində nüvə və hərbi obyektlərə, eləcə də mülki yaşayış məntəqələrinə hücumlar həyata keçirmişdi. İsrailə açıq dəstək verən ABŞ isə 22 iyun 2025-ci ildə Natanz, Fordo və İsfahan şəhərlərində yerləşən üç nüvə obyektinə yalnız ABŞ-ın arsenalında olan “bunker dağıdan” bombalarla “Gecə Yarısı Çəkici” adlı əməliyyat çərçivəsində zərbələr endirmişdi.

Tramp bu hücumları “böyük uğur” kimi qiymətləndirsə də, mediaya sızan ilkin zərərin qiymətləndirilməsi hesabatlarında əməliyyatın İranın nüvə proqramını tamamilə məhv etmədiyi, sadəcə onu bir neçə ay geriyə atdığı iddia olunmuşdu.