Tailand ordusuna yeni rəhbər favoritinin adı gündəmdədir

Kamboca ilə sərhəddə gərginliyin yenidən arta biləcəyi fonunda Tailandın Birinci Ordu Dairəsinin komandanı general Vorayot Leuanqsuvan Tailand Kral Ordusunun baş komandanı postuna əsas favorit kimi göstərilir.

11

Tailandda Kamboca ilə sərhəd gərginliyi fonunda ordunun rəhbərliyinə mümkün yeni təyinat müzakirə olunur.

MSNews.az xəbər verir ki, “Intelligence Online”ın məlumatına görə, Tailandın Birinci Ordu Dairəsinin komandanı general Vorayot Leuanqsuvan Tailand Kral Ordusunun baş komandanı postuna əsas favoritlərdən biri kimi önə çıxıb. Nəşr onun kral sarayı ilə əlaqəli nüfuzlu hərbi şəbəkələrin dəstəyinə malik olduğunu yazır.

Hazırda Tailand Kral Ordusuna general Fana Khlayeoplotthuk rəhbərlik edir. Məlumata görə, rəsmi təyinat hələ elan olunmayıb və qərarın yaxın həftələrdə, xüsusilə Kamboca ilə sərhəddəki vəziyyətin inkişafından asılı olaraq verilməsi mümkündür.

Vorayotun önə çıxmasında onun sərhəd məsələlərində fəallığı mühüm amil kimi göstərilir. “Khaosod English” yazır ki, general may ayında Sa Kaeo vilayətində Tailand-Kamboca sərhədi boyunca qoşunların döyüş hazırlığını yoxlayıb və ordunun ölkə suverenliyini qorumağa hazır olduğunu bildirib.

Birinci Ordu Dairəsi Tailandın ən mühüm hərbi strukturlarından biri hesab olunur. O, paytaxt Banqkokla yanaşı, ölkənin mərkəzi regionlarını və Kamboca ilə həmsərhəd Sa Kaeo vilayətini əhatə edir. Buna görə həmin post gələcək ordu rəhbərliyi üçün ən vacib karyera pillələrindən biri sayılır.

The Nation Thailand”ın daha əvvəlki məlumatına görə, Vorayot Sa Kaeo sərhəd bölgəsində hərbi bölmələrə tam hazırlıq vəziyyətində olmağı və Kamboca ilə sərhəd keçidlərinin nəzarətdə saxlanılmasını tapşırmışdı. Bu isə onun Kamboca istiqamətində təhlükəsizlik siyasətində fəal fiqur olduğunu göstərir.

Tailand və Kamboca arasında sərhəd gərginliyi son illərdə bir neçə dəfə açıq hərbi insidentə çevrilib. “Associated Press” daha əvvəl iki ölkənin ordu rəhbərlərinin ölümcül toqquşmadan sonra mübahisələri birgə komitə vasitəsilə həll etməyə razılaşdığını yazmışdı. Buna baxmayaraq, sərhəd boyunca qarşılıqlı etimadsızlıq qalmaqdadır.

“Intelligence Online” Vorayotun yüksəlişini həm də Tailand ordusunda “Şərq pələngləri” kimi tanınan “Burapha Payak” fraksiyasının təsiri ilə əlaqələndirir. Bu hərbi çevrə ənənəvi olaraq ölkənin şərqində yerləşən bölmələrə və Kamboca sərhədi istiqamətində təhlükəsizlik məsələlərinə bağlı hesab olunur.

Mövzunun digər həssas tərəfi Kamboca ilə əlaqəli onlayn dələduzluq şəbəkələridir. “Thai PBS World” yazır ki, Tailandın Kiberdələduzluqla Mübarizə Mərkəzi polis generalı Jirabhop Bhuridejin Kok Anla əlaqəli olduğu iddia edilən şəxslə fotosuna izahat verməyə məcbur olub. Qurum bildirib ki, görüntü kibermafiyaya qarşı ikitərəfli işçi görüşü zamanı çəkilib.

Kok An isə ABŞ tərəfindən sanksiyalara məruz qalan kambocalı senator və biznesmendir. ABŞ Maliyyə Nazirliyi aprelin 23-də onun və şəbəkəsinə daxil olan 28 fiziki və hüquqi şəxsin onlayn dələduzluq mərkəzləri ilə əlaqələrə görə sanksiyaya salındığını açıqlayıb.

Reuters” də ABŞ hökumətinə istinadən Kok Anın və onunla əlaqəli şəxslərin amerikalılardan milyonlarla dollar oğurlayan kripto-romantika dələduzluq şəbəkələri ilə bağlı ittiham olunduğunu yazıb.

Eyni zamanda, Tailandın Kamboca ilə sərhəd siyasəti təkcə hərbi təhlükəsizliklə məhdudlaşmır. Regionda onlayn dələduzluq mərkəzləri, çirkli pulların yuyulması və siyasi-iqtisadi əlaqələr sərhəd məsələsini daha mürəkkəb hala gətirir. Buna görə Vorayotun mümkün təyinatı həm hərbi, həm də siyasi baxımdan diqqətlə izlənilir.

Rəsmi təyinat olmadığı üçün hazırkı mərhələdə Vorayotun ordu rəhbərliyinə gətiriləcəyi barədə məlumatlar ehtiyatla qiymətləndirilməlidir. Lakin onun sərhəd xəttindəki rolu və Tailand ordusundakı nüfuzlu şəbəkələrlə əlaqələri bu ehtimalı gücləndirən əsas amillər kimi göstərilir.