Sudan ordusu iki il davam edən mühasirədən sonra ölkənin cənubunda, Cənubi Kurdufan əyalətinin ikinci böyük şəhəri olan Delencə daxil olmağı bacardığını açıqlayıb.
Ordunun yaydığı bəyanata görə, hərbi qüvvələr 2024-cü ilin yanvarından etibarən Çevik Dəstək Qüvvələri (ÇDQ) və onlarla müttəfiq olan Sudan Xalq Qurtuluş Hərəkatı-Şimal (SPLM-N) tərəfindən mühasirədə saxlanılan Delenc şəhərinə uğurlu əməliyyat nəticəsində daxil olub. Açıqlamada silahlı qüvvələrin və müttəfiqlərinin Delenc yolunu açdığı, mühasirəni yararaq şəhərə giriş təmin etdiyi bildirilib.
Bəyanatda qeyd olunub ki, əməliyyat nəticəsində vətəndaşların hərəkətini və humanitar yardımların çatdırılmasını əngəlləməyə çalışan ÇDQ qüvvələri ağır itkilər verib və qalan silahlı dəstələr ordunun zərbələri qarşısında geri çəkilib. Ordu Sudan xalqına verdiyi vədi bir daha xatırladaraq, ölkədə təhlükəsizlik və sabitlik bərpa edilənədək silahlı qruplara qarşı mübarizəni davam etdirəcəyini vurğulayıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə Delenc sakinlərinin ordu bölmələrini coşqu ilə qarşıladığı, əsgərlərlə birlikdə küçələrdə sevinc nümayişləri keçirdiyi görünür. Ordunun şəxsi heyəti də şəhərdə hərbçilər və mülki şəxslərin birgə qeyd etdiyi anlara dair videolar paylaşıb.
Qeyd edək ki, ÇDQ və SPLM-N qüvvələri 2024-cü ilin yanvarından bəri Delenc şəhərini mühasirədə saxlayırdı. Bu müddətdə şəhərə ərzaq və dərman çatdırılması mümkünsüzləşmiş, bölgədə ciddi humanitar böhran yaranmışdı. Son həftələrdə isə Kurdufan bölgəsinin üç əyalətində Sudan ordusu ilə ÇDQ arasında şiddətli toqquşmalar müşahidə olunur; nəticədə on minlərlə insan yaşadığı əraziləri tərk etməyə məcbur qalıb.