“S&P 500” tarixdə ilk dəfə 7000 bənddən yuxarı qapandı

ABŞ-ın "S&P 500" indeksi 15 aprel 2026-cı ildə 7022,95 bəndlə tarixdə ilk dəfə 7000 səviyyəsindən yuxarı bağlandı. Rekord yüksəlişə geosiyasi nikbinlik və güclü gəlir gözləntiləri dəstək verib.

7

ABŞ fond bazarında əsas göstəricilərdən biri olan “S&P 500” indeksi tarixdə ilk dəfə 7000 bənd həddini rəsmi bağlanışda geridə qoyub.

“Reuters”-in məlumatına görə, indeks 15 aprel 2026-cı il ticarət sessiyasını 7022,95 bənd səviyyəsində başa vuraraq yeni tarixi rekord yeniləyib. Bu, həm də ABŞ-İran münaqişəsinin başlanmasından sonra indeksin ilk rekord bağlanışı kimi qeydə alınıb.

Bazar iştirakçılarının risk iştahasının artmasında bir neçə amil rol oynayıb. “Reuters” yazır ki, investor nikbinliyi əsasən Yaxın Şərqdə gərginliyin azalacağına dair gözləntilər, güclü korporativ gəlir proqnozları və ABŞ iqtisadiyyatının dayanıqlılığı ilə bağlı siqnallar fonunda formalaşıb. Xüsusilə, iri bankların nəticələri və istehlakçı tələbinin hələ də güclü qalması bazara əlavə dəstək verib.

Bununla yanaşı, enerji bazarında baş verən proseslər ABŞ iqtisadiyyatı üçün müəyyən üstünlüklər yaradıb. İran ətrafında müharibə fonunda Hörmüz boğazı marşrutu üzrə daşımaların pozulması Avropa və Asiya alıcılarını daha çox ABŞ neftinə yönəldib. Nəticədə ABŞ xam neft ixracı son yeddi ayın maksimumuna yüksəlib və ölkə xalis ixracatçı statusuna çox yaxınlaşıb. Lakin bu, birbaşa fond bazarındakı rekord yüksəlişin yeganə səbəbi kimi təqdim edilmir.