İngiltərənin “Sauthempton” klubu Çempionşip pley-offundan kənarlaşdırılıb. İngiltərə Futbol Liqasının — EFL-in qərarına əsasən, klub rəqib komandaların məşqlərinin icazəsiz çəkilişi ilə bağlı bir neçə qayda pozuntusunu etiraf etdikdən sonra pley-off mübarizəsindən çıxarılıb. “Sauthempton”a həmçinin 2026/27 mövsümünün startında tətbiq olunacaq 4 xallıq cəza verilib.
Bu barədə “Reuters”-ə istinadən xəbər veririk.
Qərara əsasən, “Sauthempton”un yerinə pley-off finalına “Middlsbro” buraxılıb. Beləliklə, Premyer Liqaya yüksəlmək uğrunda finalda “Hall Siti” ilə “Middlsbro” qarşılaşacaq. Matçın mayın 23-də “Uembli” stadionunda keçirilməsi planlaşdırılır.
EFL-in açıqlamasına görə, “Sauthempton” digər klubların məşqlərinin icazəsiz izlənilməsi və çəkilişi ilə bağlı qaydaları pozduğunu qəbul edib. Pozuntuların “Oksford Yunayted”lə 2025-ci ilin dekabrındakı, “İpsviç Taun”la 2026-cı ilin aprelindəki və “Middlsbro” ilə 2026-cı ilin mayındakı oyunlarla bağlı olduğu bildirilir. Qaydalara görə, klubun başqa komandanın məşqini qarşılaşmadan əvvəlki 72 saat ərzində izləməsi və ya lentə alması qadağandır.
Hadisə “Middlsbro”nun şikayətindən sonra gündəmə gəlib. Məlumata görə, “Sauthempton” əməkdaşının pley-off yarımfinalı öncəsi “Middlsbro”nun məşqini icazəsiz şəkildə çəkdiyi iddia olunub. Sonradan aparılan araşdırmada başqa oyunlarla bağlı əlavə pozuntular da müəyyən edilib.
“Sauthempton”un qərardan apellyasiya şikayəti vermək hüququ var. EFL bildirib ki, tərəflər mümkün apellyasiya prosesini mayın 20-dək yekunlaşdırmağa çalışırlar. Bu səbəbdən şənbə günü keçiriləcək finalın yekun formatında dəyişiklik ehtimalı hələ tam istisna edilmir.