Ukrayna və Rusiya arasında diplomatik görüşlər dövründə qarşılıqlı hava zərbələrinin müvəqqəti dayandırılması məsələsi müzakirə olunur.
MSNews.az xəbər verir ki, Ukrayna Prezident Ofisindəki mənbə Kiyevin bu məsələ ilə bağlı Moskvanın cavabını ABŞ vasitəsilə gözlədiyini bildirib.
Bu barədə “RBC-Ukrayna” məlumat yayıb.
Mənbənin sözlərinə görə, müzakirə konkret olaraq havada atəşin dayandırılmasına aid olub və ABŞ tərəfi təklifi Rusiya nümayəndələri ilə müzakirə etməli idi.
“Bu, diplomatik görüşlər zamanı formalaşmış təcrübədir: biz onlara zərbə endirmirik, onlar da Ukraynaya zərbə vurmurlar və bu, müəyyən coğrafi və zaman çərçivəsində baş verir”, – mənbə bildirib.
Məsələ ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşnerin Moskva və Kiyevə planlaşdırılan səfərləri fonunda gündəmə gəlib. “The New York Times” yazıb ki, Vaşinqton Ukraynadan Amerika nümayəndələrinin Rusiyada olduğu müddətdə Moskva və Rusiyanın enerji obyektlərinə PUA hücumlarını dayandırmasını, Moskvadan isə eyni dövrdə Kiyevə raket zərbələri endirməməsini istəyib.
Ukrayna Prezidenti Volodimir Zelenski də sentyabrın 4-də Kiyevin ABŞ nümayəndələrinin təhlükəsizliyi naminə Rusiya ərazisinə hava zərbələri endirməyəcəyini və Moskvadan analoji addım gözlədiyini açıqlayıb. Uitkoff və Kuşnerin sentyabrın 5-də Moskvada, sentyabrın 6-da isə Kiyevdə danışıqlar aparması planlaşdırılıb.
Sonradan Moskvanın mövqeyi ilə bağlı ilk konkret açıqlama gəlib. “Reuters”-in məlumatına görə, Kremlin sözçüsü Dmitri Peskov Vladimir Putinin sentyabrın 5-dən başlayaraq Kiyevə zərbələrin üç gün müddətinə dayandırılması barədə göstəriş verdiyini açıqlayıb. Qərarın ABŞ nümayəndə heyətinin səfəri ilə əlaqəli olduğu bildirilib.
Bununla belə, bu qərar Rusiya və Ukrayna arasında tam hava atəşkəsi demək deyil. Kremlin açıqlaması yalnız Kiyevə zərbələrin müvəqqəti dayandırılmasına aiddir. Bütün Ukrayna və Rusiya ərazisini əhatə edən qarşılıqlı hava atəşkəsi barədə rəsmi razılaşma hələ açıqlanmayıb.