Rusiya itirir, Çin qazanır, Hindistan niyə narahatdır?

Pərviz Əliyev Ukrayna müharibəsinin Rusiya-Çin münasibətlərində yaratdığı asimmetriyanı və bunun Hindistan üçün strateji risklərini təhlil edib.

132

Ukrayna müharibəsinə münasibətdə Hindistan və Çin ilk baxışdan oxşar mövqedə görünürlər. Hər iki ölkə Qərbin Rusiyanı tam təcrid etmək siyasətinə qoşulmayıb, Moskva ilə geniş iqtisadi əlaqələrini qoruyur və Rusiya enerji resurslarının əsas alıcıları sırasında qalır.

Lakin siyasi araşdırmaçı Pərviz Əliyevin fikrincə, Dehli ilə Pekinin maraqları arasında fundamental fərq var.

Hindistana müstəqil güc mərkəzi kimi qala bilən Rusiya lazımdır. Çin üçün isə faydalı olacaq qədər güclü, Pekinin təsirindən çıxa bilməyəcək qədər asılı Rusiya daha sərfəlidir. Əsas fərq məhz budur”, – Əliyev bildirib.

Bu fərq Ukrayna müharibəsinin dayandırılması məsələsində də özünü göstərir. Hindistanın Baş naziri Narendra Modi avqustun 31-də Vladimir Putinlə görüşündə artıq “sonsuz müharibədən müharibənin sonuna və döyüşlərin dayandırılmasına keçməyin” vacibliyini açıq şəkildə bildirib. “Reuters”in məlumatına görə, Modi Hindistanın bütün sülh təşəbbüslərini dəstəkləməyə davam edəcəyini vurğulayıb.

Çin isə dialoq və siyasi həlli dəstəklədiyini bildirsə də, Rusiyaya qarşı açıq təzyiq siyasətindən yayınır. Çin Xarici İşlər Nazirliyi Pekinin münaqişənin tərəfi olmadığını və əsas rolunu sülh danışıqlarının təşviqində gördüyünü bildirir.

Əliyevin fikrincə, bunun səbəbini yalnız Moskva-Pekin münasibətlərində deyil, Çin-Hindistan rəqabətində axtarmaq lazımdır.

Hindistan üçün problem yalnız Ukraynada neçə kilometr ərazinin kimin nəzarətində qalacağı deyil. Problem odur ki, müharibənin hər əlavə ili Rusiyanı iqtisadi və texnoloji baxımdan Çinə bir qədər də yaxınlaşdırır. Zəifləyən və Pekindən daha çox asılı olan Rusiya Hindistanın Asiyadakı manevr imkanlarını azaldır”, – siyasi araşdırmaçı qeyd edib.

Rusiya Avropanı itirdikcə Çin daha vacib olur

2022-ci ildən sonra Rusiyanın Avropa enerji bazarındakı mövqeləri kəskin zəifləyib. Çin isə Rusiyanın neft, qaz və digər xammalının əsas bazarlarından birinə çevrilib.

“Reuters”in Rusiya hökumətinin proqnozlarına əsaslanan məlumatına görə, Çin artıq Rusiya qazının ən böyük ixrac bazarıdır. Moskvanın hesablamalarında 2027-2029-cu illərdə Çinə satılacaq qazın qiymətinin Avropaya satılan qazdan orta hesabla təxminən 30 faiz aşağı olacağı gözlənilir.

Rusiya-Çin ticarəti 2025-ci ildə əvvəlki rekorddan 6,9 faiz azalaraq 228,1 milyard dollara düşsə də, Pekin Moskva üçün mühüm iqtisadi dayaq olaraq qalır. Çin Rusiyadan enerji alarkən, Rusiyaya avtomobillərdən elektronikaya qədər Qərb bazarlarında əldə edilməsi çətinləşən geniş çeşiddə məhsullar göndərir.

Pərviz Əliyev bunu iki ölkə arasında artan asimmetriyanın əsas göstəricilərindən biri hesab edir.

Rusiya Çin üçün mühüm tərəfdaşdır. Amma tərəflərin bir-birinə ehtiyac səviyyəsi artıq eyni deyil. Moskvanın Pekinə ehtiyacı Pekinin Moskvaya ehtiyacından daha sürətlə artırsa, həmin münasibətdə qiyməti də, şərtləri də tədricən daha güclü tərəf müəyyən etməyə başlayır”, – Əliyev vurğulayıb.

Qaz kəməri Rusiyanın problemini göstərir

Bu asimmetriyanın ən aydın nümunələrindən biri uzun müddət “Sibirin Gücü 2”, hazırda isə Rusiya tərəfindən “Baykalın Gücü” adlandırılan qaz kəməri layihəsidir.

Layihə Rusiyanın Yamal yataqlarından Monqolustan vasitəsilə Çinə ildə təxminən 50 milyard kubmetr qaz nəqlini nəzərdə tutur. Moskva Avropa bazarının böyük hissəsini itirdikdən sonra bu marşruta ciddi ehtiyac duyur. Lakin layihənin irəliləməsi uzun müddət qiymət məsələsində Rusiya və Çin arasında fikir ayrılıqları səbəbindən ləngiyib.

Burada kimin daha çox tələsdiyi çox şeyi göstərir. Rusiyaya yeni uzunmüddətli qaz bazarı lazımdır. Çin isə alternativlərə malikdir və gözləyə bilir. Danışıqlarda ən güclü mövqe çox vaxt gözləyə bilən tərəfə məxsus olur”, – Əliyev bildirib.

Onun sözlərinə görə, Avropa alıcısının Çin alıcısı ilə əvəzlənməsi sadəcə ixrac istiqamətinin dəyişməsi deyil:

Avropada Rusiyanın bir neçə böyük müştərisi və çox böyük bazarı var idi. Çin istiqamətində isə əsas alıcılardan biri getdikcə dominant mövqe qazanır. Bu halda alıcı nə qədər qaz alacağını, layihənin nə vaxt reallaşacağını və kommersiya şərtlərini müəyyən etmək üçün daha böyük təsir imkanına malik olur”.

Hindistan niyə bundan narahatdır?

Hindistan Rusiya ilə münasibətlərini kəsmir. Əksinə, iki ölkənin iqtisadi əlaqələri geniş olaraq qalır: Rusiya-Hindistan ticarəti 2024-cü ildə rekord 70 milyard dollara çatıb və 2026-cı ildə qarşılıqlı ödənişlərin 96 faizi rubl və rupi ilə həyata keçirilir.

Problem isə, Əliyevə görə, Hindistanın Rusiyanı Çin qarşısında strateji balans elementi kimi görməsidir.

Dehli üçün güclü Rusiya Pekinə qarşı əlavə manevr sahəsidir. Əgər Moskva getdikcə daha çox Çin bazarından, Çin mallarından və Çin siyasi dəstəyindən asılı vəziyyətə düşürsə, Hindistan həmin balans elementini itirməyə başlayır”, – araşdırmaçı deyib.

Bu baxımdan Əliyev hesab edir ki, Hindistan üçün Ukrayna müharibəsinin başa çatması yalnız humanitar və iqtisadi məsələ deyil, həm də Asiyanın gələcək güc balansı məsələsidir.

Müharibə nə qədər uzanırsa, Rusiya alternativlərini bir o qədər itirir. Rusiya alternativlərini itirdikcə Çin daha çox təsir qazanır. Çin Moskva üzərində nə qədər çox təsir əldə edirsə, Hindistanın strateji vəziyyəti bir o qədər mürəkkəbləşir”, – Pərviz Əliyev bildirib.

Onun qənaətinə görə, Moskva-Pekin münasibətlərinin əsas paradoksu da buradadır:

Moskva baş verənləri Qərbin təzyiqi qarşısında strateji tərəfdaşlığın güclənməsi kimi görür. Pekin üçün isə eyni proses daha ucuz resurslara, daha əlverişli danışıqlar mövqeyinə və şimal qonşusu üzərində daha böyük təsir imkanlarına çevrilə bilər. Hindistan isə məhz bu perspektivdən narahatdır”.

Əliyevin təhlilinə görə, nəticədə üç paytaxt eyni müharibəyə üç fərqli məntiqlə baxır: Moskva onu davam etdirmək üçün iqtisadi dayaq axtarır, Dehli Rusiyanın Çindən asılılığının daha da artmasını istəmir, Pekin isə yaranmış asimmetriyadan strateji üstünlük əldə etmək imkanına sahibdir.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.