Rusiyada miqrasiya siyasətinin sərtləşdirilməsi fonunda 2026-cı ilin yanvar–sentyabr aylarında qanunvericiliyi pozan 63,5 min əcnəbi vətəndaş məcburi qaydada ölkədən çıxarılıb. Bununla yanaşı, ilin ilk səkkiz ayında 260 mindən çox miqrantın Rusiyaya girişinə qadağa qoyulub.
MSNews.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin noyabrın 6-da açıqlama verib.
Volodin bildirib ki, Rusiya Federal Məhkəmə İcraçıları Xidməti 2026-cı ilin ilk doqquz ayında qanun pozuntularına görə 63 500 miqrantın ölkədən məcburi çıxarılmasını həyata keçirib.
Onun sözlərinə görə, Rusiya Daxili İşlər Nazirliyinin məlumatları miqrantların ölkəyə girişinə tətbiq olunan məhdudiyyətlərin də əhəmiyyətli dərəcədə artdığını göstərir.
“2026-cı ilin ilk səkkiz ayında 260 mindən çox miqrantın ölkəmizə girişi qadağan edilib. Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 75,8 faiz çoxdur”, – deyə Dövlət Dumasının sədri bildirib.
Rusiya DİN-in açıqlamasına əsasən, giriş qadağalarının əsas səbəbləri arasında əvvəlki deportasiya və ölkədən çıxarılma qərarları, qalma müddətinin pozulması, saxta sənədlərdən istifadə, şəxsi məlumatların yanlış təqdim edilməsi və təkrar inzibati xətalar yer alır.
Bu arada, noyabrın 3-dən Rusiyada miqrantların ölkədən çıxarılmasına əsas verən inzibati xətaların siyahısını genişləndirən yeni qanun qüvvəyə minib.
Prezident Vladimir Putinin avqustun 4-də imzaladığı 294-FZ nömrəli federal qanuna əsasən, əcnəbilərin inzibati qaydada ölkədən çıxarılmasına səbəb ola biləcək hüquq pozuntularını nəzərdə tutan maddələrin sayı 22-dən 45-ə yüksəlib.
Yeni siyahıya narkotik vasitələrin qanunsuz dövriyyəsi, miqrasiya qaydalarının və dövlət sərhədi rejiminin pozulması, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamaq, xırda xuliqanlıq və kütləvi tədbirlərin keçirilməsi qaydalarının pozulması kimi əməllər də daxildir.
Bundan başqa, müəyyən internet hüquqpozmaları, Rusiya Silahlı Qüvvələrinin istifadəsinin ictimai şəkildə nüfuzdan salınması və ölkəyə qarşı sanksiyalara çağırışlarla bağlı inzibati xətalar da əcnəbilərin ölkədən çıxarılması üçün əsas yarada bilər. Bu barədə “Vedomosti” məlumat yayıb.
Volodin bildirib ki, 2024-cü ildən bəri Dövlət Duması miqrasiya siyasətinin tənzimlənməsinə yönəlmiş 32 federal qanun qəbul edib. Bunlardan 21-i deputatların təşəbbüsü ilə hazırlanıb.
Duma sədrinin sözlərinə görə, dəyişikliklərin əsas məqsədi qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirmək və ictimai təhlükəsizliyi təmin etməkdir.
Qeyd edək ki, 63,5 min nəfərlik göstərici faktiki olaraq ölkədən məcburi çıxarılan şəxslərə, 260 mindən çox göstərici isə Rusiyaya girişinə qadağa qoyulanlara aiddir. Bunlar fərqli inzibati tədbirlər olduğundan rəqəmlər bir-birinə əlavə edilməməlidir.