Qırğızıstan Prezidenti Sadır Japarov qonşu ölkələrlə dövlət sərhədlərinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi nəticəsində ölkənin ərazisinin 15 min 572 hektar artdığını bildirib.
MSNews.az xəbər verir ki, dövlət başçısının açıqlamasına əsasən, sərhəd məsələlərinin həllindən sonra Qırğızıstanın ümumi ərazisi 20 milyon 9 min 572 hektara, yəni təxminən 200 min 96 kvadratkilometrə çatıb. Ərazinin 94,4 faizini dağlıq sahələr təşkil edir.
Bu barədə “24.kg” məlumat yayıb.
Japarov bildirib ki, ölkənin sərhədləri dəqiqləşdirilməzdən əvvəl ümumi ərazi 19 milyon 994 min hektar səviyyəsində hesablanırdı. Yeni göstərici əvvəlki rəqəmlə müqayisədə 15 min 572 hektar artım deməkdir.
Prezidentin sözlərinə görə, Qırğızıstanda kənd təsərrüfatı təyinatlı torpaqların ümumi sahəsi 6 milyon 732 min hektardır. Bunun 1 milyon 82 min hektarı kənd təsərrüfatı məqsədilə xüsusi mülkiyyətdə istifadə olunur.
Müxtəlif məqsədlər üçün istifadə edilən 18 milyon 698 min hektar ərazi dövlət və bələdiyyə mülkiyyətindədir. Bu torpaqların 18 milyon 639 min hektarı dövlətə, 59 min hektarı isə bələdiyyələrə məxsusdur.
Japarov investisiya layihələri üçün ayrılmış torpaqlara da münasibət bildirib. O qeyd edib ki, 1992-ci ildən qüvvədə olan qanunvericilik çərçivəsində bu məqsədlə ayrılan ümumi ərazi ölkə torpaqlarının 0,1 faizindən azını təşkil edir.
Dövlət başçısı xarici investorların Qırğızıstan torpaqları üzərində mülkiyyət hüququ əldə etməyəcəyini, dövlət torpaqlarının dövlətin mülkiyyətində qalacağını da vurğulayıb. “QHA” bu açıqlamanın ölkədə torpaqların uzunmüddətli istifadəyə verilməsi ilə bağlı müzakirələr fonunda səsləndirildiyini yazıb.