Qırğızıstan əmək miqrantlarını qəbul edən ölkəyə çevrilir

Qırğızıstanda sürətli iqtisadi artım xarici işçi qüvvəsinə tələbatı artırıb. Ölkə 2026-cı ildə əmək miqrantları üçün kvotanı 100 min nəfərə çatdırıb.

10

Uzun illər vətəndaşlarının xaricə, xüsusilə Rusiyaya işləməyə getdiyi Qırğızıstan tədricən xarici əmək miqrantlarını qəbul edən ölkəyə çevrilir. Sürətli iqtisadi artım və işçi qüvvəsinə tələbatın yüksəlməsi ölkəyə xaricdən minlərlə işçinin gəlməsinə səbəb olub.

MSNews.az xəbər verir ki, Qırğızıstanın iqtisadiyyatı 2025-ci ildə 11,1 faiz böyüyüb. 2026-cı ilin yanvar-iyul aylarında da eyni artım tempi qeydə alınıb. Xüsusilə tikinti sektorunda canlanma müşahidə olunub. “Akchabar”ın məlumatına görə, bu sahədə görülən işlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 60,6 faiz artıb.

İqtisadi fəallığın yüksəlməsi fonunda ölkədə xarici işçi qüvvəsinə tələbat artıb. Qırğızıstan hökuməti 2025-ci ildə əcnəbi işçilər üçün əvvəlcə 25 min nəfərlik kvota müəyyənləşdirib, daha sonra bu rəqəmi 42 minə çatdırıb. 2026-cı ildə isə kvota 100 min nəfərədək artırılıb.

“Open.kg”nin məlumatına görə, 2026-cı ilin ilk yarısında ölkədə təxminən 61 min iş vizası verilib. Onların 60 faizə yaxını Çin vətəndaşlarının payına düşüb. Qırğızıstana Pakistan, Hindistan və Banqladeşdən də işçilər gəlirlər.

Beynəlxalq Miqrasiya Təşkilatının araşdırmasına əsasən, 2025-ci ildə Qırğızıstana gəlmiş 30 073 xarici əmək miqrantı 2026-cı ilin aprelində də ölkənin sorğu aparılmış yaşayış məntəqələrində olub. Bununla yanaşı, Qırğızıstan vətəndaşlarının xaricə əmək miqrasiyası da davam edir.

Ölkənin iqtisadi yüksəlişi Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra ticarət axınlarının istiqamət dəyişməsi ilə də əlaqələndirilir. “Reuters ”in məlumatına görə, Qərbin Rusiyaya qarşı sanksiyaları Qırğızıstan üzərindən həyata keçirilən ticarətin artmasına şərait yaradıb.

Bununla belə, sanksiyalardan yayınma ilə bağlı narahatlıqlar ölkənin maliyyə və ticarət sektoruna qarşı məhdudiyyətlərin tətbiqinə səbəb olub. Avropa İttifaqı 2026-cı ilin aprelində bəzi malların Qırğızıstana ixracını qadağan edib. Məhdudiyyətlər həmin məhsulların Rusiya bazarına təkrar ixracı riskləri ilə əsaslandırılıb.