Çempionlar Liqasının əsas mərhələsinin yeddinci turu çərçivəsində “Qarabağ FK” Almaniyanın “Ayntraxt” klubu ilə üz-üzə gəlib. Qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilib.
Oyun “Qarabağ” üçün sürətli başlanğıcla yadda qalıb. Matçın 4-cü dəqiqəsində Kamilo Duran hesabı açaraq komandasını önə çıxarıb. Lakin qonaqlar uzun müddət gözləməyib – 10-cu dəqiqədə Can Uzunun qolu ilə hesab bərabərləşib. İlk hissə 1:1 hesabı ilə başa çatıb.
İkinci hissədə qarşılaşmanın tempi daha da yüksəlib. 78-ci dəqiqədə “Ayntraxt”ın qazandığı penalti dəqiq yerinə yetirilib və hesab 2:1 olub. Ancaq “Qarabağ” təslim olmayıb. Cəmi iki dəqiqə sonra, 80-ci dəqiqədə Kamilo Duran dubla imza ataraq tarazlığı yenidən bərpa edib – 2:2.
Oyunun ən həyəcanlı anı isə əlavə olunmuş dəqiqələrə təsadüf edib. 90+4-cü dəqiqədə Bəhlul Mustafazadənin dəqiq zərbəsi “Qarabağ”a möhtəşəm qələbə qazandırıb – 3:2.
Qeyd edək ki, bu qələbə ilə “Qarabağ” aktivinə 10 xal yazdıraraq turnirdə qalmaq hüququnu təmin edib. Xatırladaq ki, Ağdam təmsilçisi bundan əvvəl keçirdiyi 6 oyunda 2 qələbə, 3 məğlubiyyət və 1 heç-heçə ilə yadda qalmışdı.