Qabriela Riko Ximenez adlı gənc modelin Meksikanın Monterrey şəhərində çəkilən videosu illər sonra yenidən gündəmə gəlib.
Video, şəhərin mərkəzində yerləşən Hotel Safi Valle (bəzi mənbələrdə yalnız “Hotel Safi”) qarşısında, açıq havada və polis əməkdaşlarının iştirakı ilə qeydə alınıb.
Yerli medianın 2009-cu il arxivlərinə görə, həmin gün 21 yaşlı Qabriela Riko Ximenez otelin qarşısında ciddi psixoloji gərginlik içində görülüb. Videoda onun qorxu içində ətrafa baxdığı, bədən dilinin qeyri-sabit olduğu və səsini yüksəldərək ətrafdakılara müraciət etdiyi açıq şəkildə görünür. Hadisə şahidlərinin sözlərinə görə, otel personalı və mülki şəxslər vəziyyəti nəzarətdə saxlamağa çalışıb, daha sonra isə polis müdaxilə edib.
Videonun orijinal görüntülərində Qabriela israrla “Məni öldürmək istəyirlər”, “Onlar hannibaldırlar”, “İnsan əti yeyirlər” və “Bunlar güclü insanlardır, elitanın özüdürlər” deyirdi.
Bu sözlər videonun ən çox yayılan və müzakirə olunan hissəsinə çevrilib. Qabriela, eyni zamanda “bildiklərimə görə məni susturmaq istəyirlər” kimi cümlələr də işlədir, lakin konkret ad və ya təşkilat adı çəkmir.
Hadisədən dərhal sonra Qabriela polis nəzarəti altında ərazidən uzaqlaşdırılıb və yerli səhiyyə strukturlarına təhvil verilib. O dövrdə yayımlanan xəbərlərdə rəsmi qurumlar hadisəni “kəskin psixoloji böhran” kimi qiymətləndirib. Açıq mənbələrdə Qabriela Riko Ximenez barəsində cinayət işi açıldığına dair məlumat yoxdur.
Ən vacib faktlardan biri isə budur ki, həmin hadisədən sonra onun haqqında heç bir rəsmi və ya qeyri-rəsmi bir məlumat yoxdur.
2025–2026-cı illərdə Ceffri Epşteyn dosyelərinin bir hissəsinin ictimaiyyətə açıqlanmasından sonra sosial mediada Qabriela Riko Ximenez videosu ilə bu dosyelər arasında əlaqə qurulmağa başlanıb. Lakin faktiki vəziyyət belədir ki, Ceffri Epşteynin rəsmi məhkəmə sənədlərində və açıqlanan siyahılarda Qabrielanın adına rast gəlinmir.
Qabriela Riko Ximenez hadisəsi, real bir video və real bir polis müdaxiləsi üzərində qurulmuş, lakin sonradan sübut olunmamış iddialar və konspirasiya nəzəriyyələri ilə genişlənmiş bir hekayədir. Hotel Safi qarşısında çəkilən video danılmaz faktdır, Qabrielanın söylədikləri isə qeydə alınıb. Lakin bu ifadələrin Epşteyn və ya qlobal elit şəbəkələr ilə əlaqəsini təsdiqləyən heç bir rəsmi sənəd mövcud deyil.