Prezident İlham Əliyevin sədrliyi ilə Bakının və Abşeronun su təsərrüfatına dair Dövlət Proqramı müzakirə olunub

Yanvarın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin inkişafına dair 2026–2035-ci illər üzrə Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib.

98

Yanvarın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib.

Müşavirədə dövlətimizin başçısı çıxış edərək paytaxt və Abşeron ərazisində su təsərrüfatı infrastrukturunun müasirləşdirilməsinin strateji əhəmiyyətini vurğulayıb, əhalinin dayanıqlı və keyfiyyətli su təchizatının təmin olunmasının prioritet istiqamətlərdən biri olduğunu bildirib.

Daha sonra Baş nazirin müavini Şahin Mustafayev və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Prezident İlham Əliyevə indiyədək icra olunmuş tədbirlər, hazırda davam edən layihələr və qarşıdakı illər üçün nəzərdə tutulan işlər barədə ətraflı məlumat veriblər.

Məlumatlarda Bakı şəhəri və Abşeron yarımadasında içməli su təchizatının yaxşılaşdırılması, tullantı və yağış sularının idarə olunması sistemlərinin yenilənməsi, mövcud infrastrukturun genişləndirilməsi və ətraf mühitin qorunması istiqamətində görüləcək tədbirlər xüsusi diqqətə çatdırılıb.

Qeyd olunub ki, Dövlət Proqramının icrası regionda su ehtiyatlarının daha səmərəli idarə olunmasına, daşqın və subasma risklərinin azaldılmasına, həmçinin əhalinin yaşayış şəraitinin yaxşılaşdırılmasına xidmət edəcək.